TƏHSİL

Yeni dərs ilinin əsas hədəfləri: "Ən vacib məsələlərdən biri təhsil menecmentinin formalaşdırılmasıdır" - RƏY
06 AVQUST
495

Yeni dərs ilinin əsas hədəfləri: "Ən vacib məsələlərdən biri təhsil menecmentinin formalaşdırılmasıdır" - RƏY

2019-08-06 17:17:00

Azərbaycan təhsili yeni dərs ilinə hazırlaşır.

Bəs 2019-2020-ci tədris ilində təhsil sahəsində qarşıya qoyulan əsas vəzifələr nədir? Bu sahədə hansı islahat və yeniliklər gözlənilir?

Bu məsələlərlə bağlı fikirlərini açıqlayan Təhsil naziri Ceyhun Bayramov deyib ki, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi də önə çəkilməlidir. 

Nazir hesab edir ki, təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

C.Bayramov bildirib ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir: “Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir”.

Nazir əlavə edib ki, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir.

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bildirib ki, təhsilin qarşısında duran ən ciddi strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Onun fikrincə, müasirləşmə ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin təhsil həyatına uğurlu tətbiqi ilə bağlı olmalıdır: “Hesab edirəm ki, yaxın dövr üçün təhsil sahəsində dövlət siyasətinin əsasını təhsilin uzun müddətli inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və dövlət proqramları təşkil etməlidir. Yəni konkret olaraq hədəflər qoyulmalı və yalnız bu istiqamətdə fəaliyyət həyata keçirilməlidir. Qısa müddətli və tez-tez dəyişən qəbul qaydaları, təhsil idarəetmə prinsipi tamamilə kənara qoyulmalıdır”.

"Təhsildə demokratik idarəetmə məsələlərində, eləcə də təhsilin idarə ediləməsində dövlət siyasətinin varislik prinsipinə daha çox diqqət ayrılmalıdır".

K.Əsədov təəssüflə bildirib ki, hazırda bu sahədə olan yeniliklərin təhsil iştirakçılarına çatdırılması başa çatmamış yenisi təqdim olunur: “Bu kimi yanaşmalara son qoymaq lazımdır. Təhsilinin idarə edilməsində sistemli yanaşmaya ehtiyac var. Belə ki, təhsildə demokratik idarəetmə məsələlərində, eləcə də təhsilin idarə ediləməsində dövlət siyasətinin varislik prinsipinə daha çox diqqət ayrılmalıdır. Gələcəkdə orta və ali təhsil sistemində yeni mexanizmlərin tətbiqinin nəzəri və praktik məsələləri, təhsil sistemində rəhbər pedaqoji kadrların hazırlanması kimi məsələləri müasir dünya təcrübəsinə uyğunlaşdırılmalıdır”.

Təhsil eksperti deyib ki, hazırda qarşıda duran ən vacib məsələlərdən biri də təhsil menecmentinin formalaşdırılmasıdır: “Bu həyata keçirilsə, təhsil sistemində, onun idarəetməsində inqilabi irəliləyiş ola bilər. Təhsil müəssisələrində məktəbdaxili idarəetmə sahəsində meydana çıxan problemlər və onların aradan qaldırılması yolları ilə bağlı təlimlərin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda peşə təhsilinin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi, idarəetmənin demokratikləşdirilməsi mexanizminin tətbiqi sahəsində Cənubi Koreya və Sinqapur modelinin tətbiqi vacibdir və yaxın müddətdə bu nəzərə alınmalıdır”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257