SIĞORTA

"TARSİM Azərbaycan üçün uğurlu modeldir" - MÜSAHİBƏ
13 SENTYABR
3308

"TARSİM Azərbaycan üçün uğurlu modeldir" - MÜSAHİBƏ

2019-09-13 10:03:00

Azərbaycanın sığorta sektorunda öz yenilikləri ilə seçilən şirkətlərdən biri də "AtaSığorta” ASC-dir. “AtaSığorta” ASC İdarə Heyəti sədrinin birinci  müavini Qoşqar Həsənovun Fins.az-a verdiyi müsahibəni təqdim edirik. 

Qoşqar müəllim, yanvar – iyul ayları üzrə sığorta göstəriciləri açıqlanıb. “AtaSığorta”–nın göstəricilərini qənaətbəxş hesab edirsinizmi?

Qeyd etdiyiniz kimi, sığorta sektorunda sığorta göstəriciləri açıqlanıb. AR Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə 2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Könüllü sığorta bazarı üzrə sığorta haqları 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə sığorta haqları 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub. 2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

“AtaSığorta” ASC yanvar-iyul ayları üzrə 11 milyon 16 min manat  sığorta haqqı toplanıb. Sığorta ödənişləri isə 8 milyon 630 min manat olub. Əsas məqsədlərimizdən biri könüllü növ satışların inkişaf etdirilməsi olmuşdur. Göstəricilərimiz təbii ki, qənaətbəxşdir. Belə ki, bu ilin 6 ayı üzrə 1 milyon 113 min manat xalis mənfəət əldə olunub.

Bu işlərin aparılmasında Palatanın sığorta şirkətlərinə göstərdiyi dəstək danılmazdır. Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra mühüm hüquqi, institusional və əməliyyat işləri həyata keçirilib. Aparılan islahatlar sığorta sahəsində sığorta haqlarının artmasına müsbət təsir etməkdədir.

Azərbaycanda aqrar sığortanı necə inkişaf etdirmək olar?

Ölkə Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi və digər məsələlərlə yanaşı, aqrar sığortanın inkişaf etdirilməsi, o cümlədən, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, Sığorta Hadisələri Reyestrinin hazırlanması tapşırıqları verilmişdir. Müasir dövrdə sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün sahələrini əhаtə еtməklə əhаlinin mаddi rifаhının və sаhibkаrlıq riskinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və fövqəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qоrunmаsındа, dövlətin mаliyyə sistеminin möhкəmlənməsində mühüm önəm daşıyır. Sığorta nəinкi sığоrtа hаdisələri zаmаnı büdcəni dəymiş ziyanın ödənilməsindən аzаd еdir, həttа uzunmüddətli invеstisiyаlаrın mənbəyinə çеvrilir. Hazırda aqrar sığorta sahəsində ən ciddi problemlərdən biri ümumi sığorta portfelində kənd təsərrüfatı sahəsi üzrə sığorta payının az olmasıdır.

Araşdırmanın nəticələrinə əsaslanaraq aqrar sahədə sığorta xidmətlərinin təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

- aqrar sahə üzrə hazırda qüvvədə olan normativ-hüquqi sənədlərdə sığorta xidmətləri və bu xidmətlərə dövlət dəstəyi ilə bağlı müddəaların konkretləşdirilməsi;

- aqrar sahə üzrə mövcud normativ-hüquqi sənədlərdə sahənin inkişafı ilə bağlı tədbirlər üzrə müvafiq dövlət qurumları arasında səlahiyyətlərin dəqiqləşdirilməsi, habelə onların işlərinin vahid mərkəzdən əlaqələndirilməsinin gücləndirilməsi;

- qanunvericilik üzrə xırda pay torpaq sahiblərinin birləşməsinin stimullaşdırılması məqsədilə kooperativlər üçün sığorta xidmətlərinə dövlət dəstəyi sahəsində xüsusi güzəştlərin nəzərdə tutulması;

- aqrar sahədə sığorta xidmətləri ilə bağlı institusional sistemin gücləndirilməsi.

Sizcə Tarsim modelinin tətbiqi Azərbaycanda uğurlu olacaq?

TARSİM Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan modeldir. Azərbaycanda tətbiq etmək üçün Türkiyənin “TARSİM” modeli seçilib. Bu da çox uğurlu modeldir. Vahid fond yaradılır və hadisə baş verdikdə dəymiş zərər həmin “hovuz”dan ödənilir. Fondun topladığı pullar hər hansı bir halda sığorta ödənişinin verilməsinə kifayət etmədikdə, dövlətin fonda vəsait ayırması nəzərdə tutulub. Burada sığorta şirkəti sadəcə olaraq riskləri qəbul edib, müqavilə bağlayıb “hovuz”a ötürür, hadisə baş verdikdə bu hal müstəqil ekspertlər tərəfindən araşdırılır və həmin məbləğdə ödənişlər verilir. Yəni, çox işlək mexanizmdir. Hesab edirəm ki, bu modelin tətbiqi özünü ölkəmizin kənd təsərrüfatı sahəsində olduqca uğurlu göstərəcəkdir.

Sahibkarların sığortadan imtina etməsinin hansı səbəbləri mövcuddur?

Bildirmək istəyirəm ki, Azərbaycanda öncəki illərlə müqayisədə sahibkarların sığortaya yanaşmasında ciddi dəyişikliklər yaranmışdır. Belə ki, öncəki illərdə sahibkarların böyük hissəsi sığortaya maraq göstərmir, hətta sığortalanmağın heç bir əhəmiyyətinin olmadığını düşünürdülər. Bunun başlıca səbəbi onların sığortaya inamının olmaması, sığortanın  faydaları haqqında kifayət qədər məlumatlarının olmamasından irəli gəlirdi. Lakin son illərdə kütləvi informasiya vasitələrində aparılan maarifləndirmə işləri artıq insanların sığortaya marağının formalaşmasına gətirib çıxarır. Hazırda sahibkarların sığortadan kütləvi istifadə edə bilməməsinin bir neçə səbəbləri var. Başlıca səbəb sahibkarların sığortaya büdcə ayırmaqda çətinlik çəkməsi və hələ də riskin onları gözləmədiyini düşünmələridir. Sığortalanmaq marağı olan sahibkarların da bəzi hallarda biznes fəaliyyətləri sığorta şirkətlərinin və təkrarsığorta brokerlərinin tələb etdiyi təhlükəsizlik qaydalarına uyğun olmadığından riskin götürülməsi mümkün olmur. Digər səbəblər isə hələ də lazımı səviyyədə informasiyanın olmaması, nəzarət mexanizminin olmaması, insanlarda sığortaya inamın tam olmamasından irəli gəlir.

Müştəri ən yaxşı sığorta şirkətini hansı meyarlar əsasında seçməlidir?

Düşünürəm ki, ölkəmizdə hazırkı reallıqda müştərilərin sığorta şirkəti seçimi daha çox həmin şirkətdə işləyən dost-tanışının olması, şirkətin ödəniş etdiyi vətəndaşlardan verilən müsbət informasiyalar, sadəcə şirkət adına olan inam və s. səbəblərə əsasən baş verir. Lakin sığorta şirkəti seçimi zamanı bir çox meyarlar analiz edilməlidir. Bunlardan bir neçəsini qeyd etmək olar:

Şirkətin maliyyə dayanıqlığı barədə məlumat, şirkətin xidmət göstərdiyi şəbəkənin genişliyi, ödənişlərin statistikası, xidmət səviyyəsi, şirkətin korporativ tərəfdaşları haqqında məlumatlar və s. Bu meyarlar şirkətə riskin ötürülməsi üçün əsas amillər olmalıdır.

İstehlakçılar sığorta müqaviləsi bağlayarkən ən çox hansı incəliklərə diqqət yetirilməlidir?

Hazırda müştərilərlə sığorta şirkətləri arasında mübahisə predmetlərindən ən əsası müqavilə şərtlərinin öncədən diqqətlə baxılmaması nəticəsində təminatların, istisnaların və franşiza məbləğlərinin mübahisə yaratmasıdır. Bu halların obyektiv və subyektiv tərəfləri vardır. Belə ki, əksər müştərilər sığorta müqaviləsini bağlayarkən daha çox  şifahi verilən informasiyalara əsasən müqaviləni imzalayırlar. Bildiyiniz kimi istənilən məhsulun satışını həyata keçirən şəxs məhsulun üstünlüklərini diqqətə çatdırır, xüsusi istisnalar və çatışmazlıqlar haqqında ətraflı məlumat vermək istəmir.

Müştərilər bilməlidir ki, İcbari Sığorta növlərindən fərqli olaraq könüllü növlər şirkətlə şəxsin arasında razılaşdırılmış şərtlərə əsasən bağlanılır və diqqətdən çıxmış kiçik istisna gələcəkdə imtina halına səbəb ola bilər. Belə halların baş verməməsi üçün müqavilədə təminatlar, istisnalar və azadolma məbləğlərinə diqqət olunmalıdır.

AtaSığorta şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bizim şüarımız “Sizinlə dost sığorta”-dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.

Qoşqar müəllim,  maraqlı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır