SIĞORTA

Sığortalı bu halda əvəz edilir - FİNS
23 APREL
252

Sığortalı bu halda əvəz edilir - FİNS

2019-04-23 17:36:00

Bu dəfə sığorta sektorunda sığorta müqaviləsində sığortalının əvəz edilməsi barədə məlumat verəcəyik.

Fins.az xəbər verir ki, Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında bu barədə bir neçə bəndlər qeyd olunub. Həmin bəndləri təqdim edirik.

1. Əmək sığortası müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir.

Sığorta obyekti olan əmlak satıldıqda, dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə sığortalının hüquq və vəzifələri sığortaçının razılığı ilə, müqavilədə və ya qanunda başqa şərtlər müəyyən edilməmişdirsə, həmin əmlakı qəbul edən şəxsə onun razılığı ilə keçir.

2. Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir. Bu şəxs sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirə bilmədikdə, onun hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə onun hüquqlarının və mənafelərinin qorunması vəzifələrini yerinə yetirən şəxslərə keçə bilər.

3. Əgər müqavilənin qüvvədə olduğu dövrdə sığortalı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmışdırsa, yaxud onun fəaliyyət qabiliyyəti məhdudlaşmışdırsa, belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir. Bu zaman mülki məsuliyyət sığortası sığortalının fəaliyyət qabiliyyətinin olmadığı hesab edildiyi və ya məhdudlaşdırıldığı andan bitir.

4. Sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun bu müqavilə üzrə hüquq və vəzifələri sığortaçının razılığı ilə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi varisinə keçir.

5. Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxsi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək həmin şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir.

                                                                                                Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır