SIĞORTA

Yumurta, süd və kartof bahalaşıb
03 DEKABR 2014
1708

Yumurta, süd və kartof bahalaşıb

2014-12-03 00:00:00

Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7% bahalaşıb. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ay birillik bitkilərin istehsalçı qiymətləri 6%, diri heyvanlar və heyvandarlıq məhsullarının qiyməti isə 2,6% artıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3% ucuzlaşıb.

Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlər 15,3%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlər 10,1%, buğda 0,4%, qarğıdalı 0,1%, badımcan 28,6%, pomidor 24,4%, xiyar 4,2%, kartof 3,2%, yem bitkilərinin istehsalçı qiymətləri 1,7% bahalaşıb, arpanın istehsalçı qiymətləri isə 1,6% ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoa 36,7%, xurma 2,4%, alma və limonun istehsalçı qiymətləri 0,7% ucuzlaşıb, armud 27,4%, şabalıdın istehsalçı qiymətləri isə 10,5% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurta 11,1%, süd 8,0%, quş əti (diri çəkidə) 1,4%, təbii balın istehsalçı qiymətləri isə 0,3% bahalaşıb, mal ətinin (diri çəkidə) 6,7%, diri qoyun və keçilərin 1,0%, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır