SIĞORTA

Azərbaycan öz ödəniş terminalının istehsalına başladı
05 DEKABR 2014
1875

Azərbaycan öz ödəniş terminalının istehsalına başladı

2014-12-05 00:00:00

Sumqayıt Sənaye Parkı (STP) əhalidən maliyyə vəsaitlərinin qəbul edilməsində istifadə edilən ödəniş terminallarının istehsalına başlayıb. Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, ödəniş terminalları STP-nin Yüksək gərginlikli elektrik avadanlıqları zavodunun tərkibində yaradılmış terminal istehsalı sahəsində istehsal edilir.
Parkın mühəndisi Elvin Aslanov bildirir ki, terminalın daxili qurğuları xaricdən alınır. Zavodda, alınan qurğular yerli istehsal olan metal gövdənin içərisinə yığılır.
“Aparatın pulu qəbul edən, çek verən, pul sayan qurğuları, sensor və kompüter sistemi ABŞ və Rusiyadan alınaraq yığılır”, - o dedi.
Elvin Aslanov bildirdi ki, yerli istehsal terminallar qiymət baxımından xaricdən gətirilən terminallardan çox ucuzdur. O, terminalın qiyməti barədə bir söz demədi, çünki qiymət sifariş sayından asılı olaraq dəyişir.
Elvin Aslanov qeyd etdi ki, hazırda ödəniş terminallarının ən böyük alıcısı “Expressbank”dır. Digər banklar və xidmət müəssisələri ilə də danışıqlar aparılır:
“Kapital Bank”dan da bizə müraciət olunub. Onların böyük bir layihəsinin olacağı gözlənilir. Digər banklar və xidmət şirkətləri də  bu terminallar ilə maraqlanırlar”.
Elvin Aslanov əlavə etdi ki, artıq 200-dən çox terminal istehsal edilib.
Qeyd edək ki, ödəniş terminalları müxtəlif xidmətlərə görə əhalidən maliyyə vəsaitlərinin qəbul edilməsi və onlara xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan özünəxidmət məntəqələridir. Bu terminallar əhaliyə onlayn rejimdə 24 saat ərzində fasiləsiz xidmət göstərməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır