SIĞORTA

Neft fondu özünü necə sığortalayacaq?
05 DEKABR 2014
1625

Neft fondu özünü necə sığortalayacaq?

2014-12-05 00:00:00

Dövlət Neft Fondu (ARDNF) neftin qiymətlərinin davamlı olaraq azalmasına baxmayaraq, öz büdcəsinin icrası zamanı kəsir gözləmir. Fins.az-ın “Trend” agentliyinə istinadən yaydığı xəbərər görə, bu barədə ARDNF-dən bildirilib.
Fonddan deyiblər: “Neftin qiyməti Neft Fondunun 2014-cü il büdcəsində bir barel üçün 100 dollar proqnozu üzrə müəyyən edilib. Yanvar-noyabr aylarının yekunu üzrə bir barel neftin orta qiymətinin 105,6 dollar səviyyəsində olması nəzərə alınmaqla, neftin sonrakı aylardakı qiymətindən asılı olmayaraq bu il ARDNF-nin büdcəsinin icrasında kəsir proqnozlaşdırılmır”.
Beləliklə, fonddan deyildiyi kimi, ARDNF-nin dövlət büdcəsi qarşısında öhdəlikləri tam təmin olunacaq.

2015-ci il dövlət büdcəsinin neftin bir barelinin 90 dollar olmaqla hesablanmasına dair suala toxunaraq fonddan bildiriblər ki, dövlət büdcəsində neftin qiyməti ölkənin İqtisadiyyat və Sənaye Nazirliyinin makroiqtisadi proqnozları əsasında təyin edilir. Öz növbəsində, Dövlət Neft Fondunun büdcəsi tərtib olunarkən neftin dövlət büdcəsində qoyulmuş qiymətindən istifadə olunur.

Neftin qiymətinin azalması 2014-cü ilin yazından başlayaraq ABŞ-ın dünya bazarlarına neft ixracı həcmlərini artırması ilə bağlıdır ki, bu da Ukraynada cərəyan edən hadisələr fonunda baş verir. ABŞ və Avropa eyni zamanda İranın bu enerji resursunun ixracına tətbiq edilən beynəlxalq sanksiyaları ləğv edib. Xüsusilə bu proses [neftin qiymətlərinin azalması] yayda sürətlənərək indiyədək davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır