SƏNƏDLƏR

Novruz Məmmədov qərar verdi
14 AVQUST
139

Novruz Məmmədov qərar verdi

2019-08-14 14:14:00
№ 349  Bakı şəhəri, 8 avqust 2019-cu il
 
“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası ­Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust

tarixli 349 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

                                                                        

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər

 

1. Ümumi müddəalar

 

1.1. “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” (bundan sonra – Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (bundan sonra – işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər) reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

1.2. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri (bundan sonra – Reyestr) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.

1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS) qurumların informasiya ehtiyatlarından və sistemlərindən (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə Reyestri elektron formada aparır.

1.4. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

1.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

1.6. Reyestr Azərbaycan Respublikasının dövlət mülkiyyətindədir.

1.7. Reyestrin formalaşdırılması, aparılması və inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistem-lərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdiril-məsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.8. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

 

 

 

2. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan

hüquqi şəxslər barədə məlumatların əldə.olunması

və Reyestrə daxil edilməsi

 

2.1. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair məlumatlar Reyestrə Azərbaycan Respublikasının “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun-larına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasi-bətləri tənzimləyən digər normativ aktlarına uyğun olaraq daxil edilir.

2.2. Qanunun 14.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

2.3. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən bu Qaydanın 2.5-ci bəndində göstərilmiş məlumatlar əsasında “Elektron hökumət” və ya “e-sosial” portal-larının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da bu Qaydanın əlavəsinə uyğun “Müraciət - Ərizə” elektron formada (interaktiv qaydada) doldurularaq daxil edilir.

2.4. Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.

2.5. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.5.1. hüquqi şəxsin adı;

2.5.2. hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

2.5.3. hüquqi şəxsin təşkilati-hüquqi forması;

2.5.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommer-siya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;

2.5.5. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

2.5.6. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

2.5.7. hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.

2.6. işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatlar Reyestrə bilavasitə hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən daxil edilir.

2.7. Nazirlik Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması  barədə məlumatları əldə edir.

2.8. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxs mövcud informasiya ehtiyatlarında ona aid olan fərdi və kommersiya xarakterli məlumatların Nazirlik tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir. 

 

3. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul

olan hüquqi şəxslərə dair tələblər

 

3.1. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər aşağıdakılardır:

3.1.1. Reyestrdə qeydiyyatdan keçməlidir;

3.1.2. iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

3.1.3. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

3.1.4. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə-lərdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

 

 

  •  

 

 

 

 

 

 

 

                                      

 

 

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti lə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”ə

Əlavə

 

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi

şəxslərin reyestrinə daxil edilmək üçün

 

Müraciət-Ərizə

 

* Nömrəsi

 

 

   * GG.AA.İİİİ

İşəgötürən barədə məlumat

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumu üzrə  həmçinin qeydiyyat nömrəsi

 

*Hüquqi şəxsin adı

 

*Hüquqi şəxsin hüquqi ünvanı

 

Hüquqi şəxsin faktiki ünvanı

 

*Hüquqi şəxsin təşkilati-hüquqi forması

 

Hüquqi şəxsin elektron poçt ünvanı

 

Hüquqi şəxsin əlaqə telefonları

 

Hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri

 

*Hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumat

bəli/xeyr

Hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar

 

Müraciət tarixinə yerinə yetirilməmiş vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumat

*Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu varmı?

bəli/xeyr

*Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu varmı?

bəli/xeyr

*“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun, Əmək Məcəlləsinin pozulmasına görə hər hansı inzibati cəza tədbiq olunubmu?

bəli/xeyr

           
 

 

*Sistem tərəfindən avtomatik müəyyən edilən, bu baş vermədikdə istifadəçi tərəfindən əl ilə daxil edilməsi mümkün olan məlumatlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır