SƏNƏDLƏR

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın hərracda satılması proseduru açıqlanıb
09 AVQUST
145

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın hərracda satılması proseduru açıqlanıb

2019-08-09 09:38:00

Nazirlər Kabineti “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib.

Fins.az-ın məlumatına görə, “Məşğulluq haqqında” qanuna əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır.

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın satıcısı kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (Satıcı) çıxış edir. Satıcı hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının (1 nəfər), İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Satıcının (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradır. Komissiyanın sədri komissiya üzvlərinin sırasından səsvermə yolu ilə seçilir.

Satıcı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində və Satıcının rəsmi internet saytında hərracın keçirilmə forması, əmlakın tam adı, yerləşdiyi ünvan, ilkin qiyməti, sifarişlərin qəbulunun başlama və bitmə tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın ilkin qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirir. Hərracda sifariş və bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün verilən sifarişə behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti, hüquqi şəxslərin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir. Hərrac keçirilmədikdə və ya sifarişçi hərraca buraxılmadıqda beh geri qaytarılmalıdır.

Sifarış və ona əlavə edilmış sənədlər Satıcı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştiraketmə nömrəsi və satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir. Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi Satıcı tərəfindən təşkil edilir. İlkin satış qiyməti elan olunduqdan sonra iştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər. İlkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Hərracın yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. İlkin qiymət üç dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.

Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) üçüncü hərracda həmin әmlakın satış qiyməti ilkin satış qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin satış qiymətinin 25 faizi həcmində, beşinci hәrracda ilkin satış qiymətinin 50 faizi həcmində aşağı salınır. Hərracda əmlakın satışı üçün ödənilmiş beh satılan əmlakın satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh Satıcı tərəfindən təqdim edilmiş siyahılar üzrə hərrac iştirakçısının tələbi ilə 10 iş günü müddətində geri qaytarılır. Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud  müqavilə bağlanıldıqdan sonra 30 bank günü müddətində ödənilməli olan pul vəsaitini müəyyən edilmiş hesaba köçürmədikdə hərracın nəticələri ləğv edilir, keçirilmiş beh geri qaytarılmır və əmlak Xidmətin sərəncamında qalır. Belə hallarda Xidmətin sərəncamında qalan əmlakın hərrac vasitəsilə yenidən satılması bu Qaydaya əsasən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır