KƏND TƏSƏRRÜFATI

Tərtərdə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
07 OKTYABR
79

Tərtərdə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

2019-10-07 12:27:00

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, rayonun 27 min 513 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var.

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə kanallarda 371 min kubmetr lildən təmizləmə işləri görülüb, 21 ədəd hidrotexniki qurğu təmir edilib. Beton üzlüklü Mollalar kanalının 1 kilometr və Buruc kanalının 160 metr hissəsində əsaslı təmir işləri aparılıb.

Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının təmin edilməsi üçün hər il yeni subartezian quyularının qazılması da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının sərəncamları əsasında son illərdə rayonda 80 subartezian quyusu qazılıb istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən, bu il Tərtər rayonu ərazisində 13 yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Yeni subartezian quyuları ilə rayonun 450 hektar əkin sahəsi suvarılacaq.

Bu il Tərtər rayonunda əkilmiş pambıq sahələri 4,5 dəfə, taxıl sahələri 2,1 dəfə, yem bitkiləri 4,6 dəfə, günəbaxan və qarğıdalı 3 dəfə, çuğundur 7 dəfə, bostan-tərəvəz 5,9 dəfə, çoxillik bitkilər 3,3 dəfə, həyətyanı sahələr 3,2 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır