KƏND TƏSƏRRÜFATI

Biləsuvarda hər gün sahələrdən 470-480 ton pambıq yığılır
25 SENTYABR
116

Biləsuvarda hər gün sahələrdən 470-480 ton pambıq yığılır

2019-09-25 14:43:00

Bir neçə gündür ki, Biləsuvarda kütləvi pambıq yığımına başlanılıb. Ötən il sahələrdən 22 min 700 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 2 min 563 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Məhsulun 1779 tonu maşınların köməyi ilə toplanılıb.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il biləsuvarlı pambıqçılar 10 min 257 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününədək bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdən bol məhsul yetişib. Məhsulun qısa müddətdə toplanması üçün 2 min 218 nəfər işçi qüvvəsi cəlb olunub, 29 ədəd ən müasir kombayn və yığım üçün lazım olan digər texnikalar istehsalçıların ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 470-480 ton məhsul toplanılır.

Qabaqcıl pambıqçı Lətif Cəfərov uzun illərdir bu işlə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 26 hektar sahənin hər hektarından 52 sentner məhsul götürməklə, 130 ton pambıq tədarük edib.

“Bu il 30 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Bütün aqrotexniki tədbirləri düzgün həyata keçirdiyimdən bu il də sahədə bol məhsul yetişib. Bu günə kimi 26 ton pambıq yığmışam. Bundan sonra daha 120-130 ton məhsul toplayacağıma əminəm. Ötən il dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi, mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 35–40 hektara çatdırmaq fikrindəyəm” – deyə, fermer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır