KƏND TƏSƏRRÜFATI

Qusarın superintensiv alma bağlarından hər il 50 min ton məhsul yığılır
24 SENTYABR
132

Qusarın superintensiv alma bağlarından hər il 50 min ton məhsul yığılır

2019-09-24 15:53:00

Qusarın müasir tipli superintensiv alma bağlarından məhsul yığımına başlanılıb.

Fins.az xəbər verir ki, ümumilikdə, Qusar rayonunda intensiv üsulla becərilən 1 min 119 hektar meyvə bağı mövcuddur. Bu bağların 764 hektarında alma yetişdirilir. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul toplanır.

Rayonun Çubuqlu kəndində 80 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, “Fuji”, “Brebrun” “Jonagold”, “Granny Smith” və başqa növləri becərilir.

İntensiv alma bağlarına qulluq edən aqronom Həmid Bayraqdarov bildirir ki, burada becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.

Bağlarda məhsul toplanması oktyabrın sonlarına kimi davam edəcək.

Toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.

Qeyd edək ki, intensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur.

İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır