KƏND TƏSƏRRÜFATI

İsmayıllıda 4500 tondan çox üzüm tədarükü gözlənilir
24 SENTYABR
96

İsmayıllıda 4500 tondan çox üzüm tədarükü gözlənilir

2019-09-24 14:54:00

İsmayıllıda üzüm yığımı sürətlə davam edir. Fermerlər məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, üzüm plantasiyalarının sahəsi hazırda 1121,1 hektardır. Bunun 1012,9 hektarı bar verəndir. Bağlarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir. Hazırda daha çox üzüm bağları olan Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində məhsul yığımı sürətlə davam etdirilir. Plantasiyalardan orta hesabla 50 sentnerdən çox üzüm götürülür ki, bu da ötən ildəkindən 9,3 sentner çoxdur. Bir sıra ərazilərdə isə məhsuldarlıq daha yüksəkdir. Belə ki, Qalınçaq kəndində fermer Mir Məskur Seyidov bağlardan 120-130 sentner məhsul götürür. Fermerin 77 hektar üzüm bağı var. Təsərrüfatda 20 nəfər daimi işçi çalışır. Onların orta aylıq əməkhaqqısı 300 manatdır.

Hacıhətəmli kənd ərazi dairəsində 271 hektar üzüm bağı olan “Monolit” fermer təsərrüfatında da yüksək məhsul götürülür.

Qeyd edək ki, keçən il İsmayıllıda 4124 ton üzüm istehsal olunmuşdu. Mütəxəssislər cari ildə plantasiyalardan 4500 tondan çox üzüm yığılacağı qənaətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır