KƏND TƏSƏRRÜFATI

Muxtar respublikada əkin sahələrinin su təminatı yaxşılaşdırılır
07 AVQUST
91

Muxtar respublikada əkin sahələrinin su təminatı yaxşılaşdırılır

2019-08-07 13:00:00

Muxtar respublikada iyul ayında da meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilib. Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın rayonlarında 8 kilometr beton və torpaq kanal, 22 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib, 7 kilometr yeni suvarma boru xətti çəkilib, 48 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən bildirilib ki, muxtar respublika üzrə ötən ay istifadəçilərə 33 milyon kubmetr su verilib. Bunun müqabilində 28 min 233 hektar torpaq sahəsi suvarılıb, torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün çay və selovlarda selə qarşı 760 metr istiqamətləndirici bənd salınıb. Kəngərli rayonunun Yurdçu kəndində 76, Şahbuz rayonunun Türkeş kəndində 300 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 6,6 kilometr suvarma xətti çəkilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində işlər davam etdirilib, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində 8273 metr, Babək rayonunun Babək qəsəbəsində 330 metr içməli su xətti çəkilib.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır