KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın ən perspektivli sahəsi hesab olunub –SORĞU
07 İYUN
164

Kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın ən perspektivli sahəsi hesab olunub –SORĞU

2019-06-07 11:47:00

"Deloitte" şirkətinin hazırladığı "Business Outlook in Azerbaijan" hesabatında növbəti beş il ərzində Azərbaycanda intensiv inkişaf edəcək qeyri-neft sektorunun əsas sahələrinin müəyyənləşdirilməsi ilə bağlı sorğunun nəticələri yer alıb.

Fins.az-ın məlumatına görə, sorğuda Azərbaycanın aparıcı şirkətlərinin maliyyə direktorları və menecerləri iştirak edib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 69 faizi kənd təsərrüfatının, 60 faizi turizmin qeyri-neft sektorunda daha çox inkişaf edəcəyini bildirib.

Növbəti sıralamada pərakəndə xidmətlər (26 faiz), tikinti (23 faiz), maliyyə və sığorta xidmətləri (20 faiz) yer alıb.

Respondentlərin 17 faizi hesab edib ki, növbəti beş il ərzində Azərbaycanda istehsal, nəqliyyat və saxlama sektorları daha çox inkişaf edəcək.

Hesabat hazırlanarkən "Deloitte" respondentlərdən üç fokus qrupu üzrə rəy öyrənib.

Rəyi soruşulanların 33 faizini təşkil edən energetika, təbii ehtiyatlar və sənaye sahələrindən olan şirkətlər bildirib ki, tikinti Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahəsi olacaq.

İstehlak sektorunu təmsil edən 33 faiz respondent hesab edir ki, nəqliyyat və saxlama sektorları inkişaf üçün böyük potensiala malikdir.

Maliyyə xidmətləri ilə məşğul olan respondentlər (36 faiz) maliyyə və sığorta xidmətlərinin daha çox inkişaf edəcəyini proqnozlaşdırıb.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır