KƏND TƏSƏRRÜFATI

Xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür
02 MAY
174

Xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

2019-05-02 09:53:00

Qusar rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Qusar Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Fins.az-a bildiriblər ki, idarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 88 kəndində saxlanılan 40798 baş iribuynuzlu, 83327 baş xırdabuynuzlu, 1362 baş təkdırnaqlı heyvana, 111673 ədəd arı ailəsinə və 195300 baş quşa baytarlıq xidməti göstərirlər. Cari ilin müvafiq dövründə rayonda 38326 baş iribuynuzlu, 25756 baş xırdabuynuzlu, 1057 baş təkdırnaqlı heyvan və 139 baş donuz qarayara, 4098 baş sahibli it quduzluq xəstəliklərinə qarşı peyvənd olunub. Eləcə də bu dövrdə 821 baş iribuynuzlu heyvan leptospirioz xəstəliyinə qarşı, 80746 baş quş (“H” ştammı ilə) və 269469 baş cücə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndlənib. Fevral ayından Qusar rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38412 baş iribuynuzlu və 62192 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

Mart ayının ilk günlərindən isə Qusar Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 30272 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 8650 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1134 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda, vərəmə qarşı 431 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkarlanmayıb. Qusar rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılacaq.

Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur. Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözü yazılmış biopreparatların və dərman maddələrinin təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır