PR

Marketinq tədqiqatları niyə və necə aparılmalıdır? – Mərhələlər
07 AVQUST
105

Marketinq tədqiqatları niyə və necə aparılmalıdır? – Mərhələlər

2019-08-07 16:59:00

Marketinq tədqiqatlarının aparılmasının məqsədi bazar situasiyasının və ona təsir edən amillərin qabaqcadan öyrənilməsi, onların müəssisənin fəaliyyətində nəzərə alınması üzrə tədbirlərin hazırlanması və bunun sayəsində qeyri-müəyyənlik və risk səviyyəsinin azaldılması, həmçinin müəssisənin imkanlarını bazarın imkanlarına və istehlakçıların ,alıcıların tələbatına uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanmasıdır.

Marketinq tədqiqatlarının əsas vəzifəsi bütünlükdə marketinq fəaliyyətində yol verilmiş qeyri-dəqiq informasiyaların və qiymətləndirmələrin, riskin və bütün növ qeyri-məhsuldar xərclərin və itkilərin aradan qaldırılmasıdır.

Marketinq tədqiqatları prosesində bazar, istehlakçılar, rəqiblər, bazarın firma strukturu, məhsullar, qiymət, məhsulların bölüşdürülməsi və satış kanalları, satışın həvəsləndirilməsi və reklam fəaliyyəti, müəssisənin idarəetmə quruluşu və makromühit amilləri tədqiq edilir.

Bazarların tədqiqi prosesində bazarın tutumu və onun inkişaf meylləri,satışın həcmi və dinamikası, müəssisənin bazar payı ,bazarın quruluşu və coğrafi yerləşməsi, rəqabət şəraiti və s. haqqında informasiya toplanılır və təhlil edilir. Bunların əsasında isə bazarın inkişafı proqnozlaşdırılır, konyukturası qiymətləndirilir, bazar seqmentləşdirilir və məqsəd seqmenti seçilir, yeni bazarlara çıxma imkanları müəyyənləşdirilir. İstehlakçıların tədqiqi prosesində istehlakçıların və alıcıların alış motivləri və davranış tərzi, onların mövcud və yeni məhsullara münasibəti, istehlakın quruluşu, tələbin və təlabatın dəyişmə meylləri öyrənilir, real və potensial təlabatın həcmi və xarakteri müəyyənləşdirilir, tələbatın ödənilmə səviyyəsi və ödənilməmiş tələbatın həcmi aşkar edilir və istehlakçıları xarakterizə edən digər amillər təhlil edilir.

Rəqiblərin tədqiqi prosesində rəqib müəssisələrin fəaliyyətinin zəif və güclü tərəfləri, onların satışının həcmi və bazar payı, rəqiblərin məhsulları , məhsullarının qiymətləri, satış kanalları, satışın həvəsləndirilməsi formaları, onların göstərdikləri xidmət növləri və bu xidmətlərin keyfiyyəti və bu qeyd olunanlara istehlakçıların münasibəti və rəqibləri xarakterizə edən digər göstəricilər öyrənilir. Bazarın firma strukturunun tədqiqi əsasında məhsul göndərənlər, ticarət vasitəçiləri, nəqliyyat, maliyyə, kredit, sığorta, reklam və hüquq müəssisələri və təşkilatları, habelə müxtəlif tip məsləhətxanalar, onların fəaliyyət istiqamətləri, onların rəqib müəssisələrlə əlaqələri və münasibətləri, istehlakçıların və ictimaiyyətin bu müəssisələrin fəaliyyətinə münasibəti öyrənilir, alternativ məhsul göndərənlərin tapılması imkanları və s. təhlil edilir.

Məhsulların tədqiqi prosesində müəssisənin məhsul çeşidi və onun sadələşdirilməsi və təkmilləşdirilməsi, mövcud məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması imkanları, rəqabət qabiliyyətliliyi, məhsulların qiymətinin dəyişmə meylləri, məhsulun qəbul edilmiş norma və standartlara uyğun gəlməsi təhlil edilir, onların qablaşdırılmasına olan tələblər öyrənilir, i stehlakçıların ticarət (məhsul) markalarına və nişanlarına münasibəti aşkar edilir, müəssisənin məhsulları rəqib müəssisənin məhsulları və oxşar məhsullarla müqayisə edilir, onun üstün və zəif cəhətləri aşkar edilir, məhsullara servis xidmətinin təşkili məsələləri öyrənilir və məhsulu xarakterizə edən digər informasiyalar toplanılır və təhlil edilir.

Qiymətin tədqiq edilməsi zamanı müəssisənin istehsal və tədavül xərcləri, məhsulların qiymətinin səviyyəsi, istehlakçıların müəssisənin və rəqib müəssisələrin məhsullarının qiyməti münasibəti, qiymətin elastikliyi və qiymətə təsir edən digər amillər haqqında informasiya toplanılır və təhlil edilir, həmçinin müəssisənin məhsullarının qiyməti rəqib müəssisələrin məhsullarının qiymətləri ilə müqayisə edilir və məhsulun rentabellik səviyyəsi müəyyənləşdirilir, qiymətqoyma metodu seçilir.

Məhsulların bölüşdürülməsi və satışı kanallarının tədqiqi prosesində məhsulların bölüşdürülməsi və satışı kanalları, onların seçilməsinə təsir edən amillər, onların seçilməsi meyarları, bu kanalların müsbət və mənfi cəhətləri, ticarət şəbəkələrinin yerləşdirilməsi, satış (əmtəəlik) ehtiyatlarının vəziyyəti, satışın həcmi və dinamikası, məhsulların saxlama və nəqledilmə texnologiyası ,istehlakçılara göstərilən xidmətlərin formaları və xidmətin keyfiyyəti, mütərəqqi satış metodlarının tətbiqi imkanları, istehlakçıların və alıcıların bölüşdürmə və satışın təşkilinə münasibəti, məhsulgöndərmə üzrə əlaqələrin xarakteri və məhsulların bölüşdürülməsi və satışı ilə əlaqədar olan digər əməliyyatlar və amillər təhlil edilir.

Satışın həvəsləndirilməsi və reklam fəaliyyətinin tədqiqi prosesində istehlakçılara və alıcılara təsir etmə metod və formaları, istehlakçıların və ictimaiyyətin müəssisəyə, onun məhsullarına və reklam kampaniyasına münasibəti, reklam elanlarının məzmunu, onların verilmə və yayılması vasitələri, reklam agentlərinin fəaliyyəti,satışın həvəsləndirilməsi və reklam fəaliyyətinin təşkilinin mövcud sistemi və onların təkmilləşdirilməsi istiqamətləri, satışın həvəsləndirilməsinin müxtəlif formalarının istehlakçılara,vasitəçilərə və satıcı heyətinin işinə təsir etmə səviyyəsi və s. təhlil edilir.

Müəssisənin idarəetmə strukturunun tədqiqi prosesində müəssisənin idarəetmə strukturu, onlar arasındakı əlaqələrin vəziyyəti, mövcud idarəetmə strukturunun mövcud bazar situasiyasına uyğunluğu səviyyəsi və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətləri təhlil edilir. Marketinq tədqiqatların prosesində yuxarıda qeyd edilən amillərlə yanaşı marketinqin makromühit amilləri də tədqiq edilir.

Makromühit amillərinin tədqiqi prosesində ona daxil olan bütün amillərin təhlili həyata keçirilir və onların dəyişmə meylləri öyrənilir, onların marketinq fəaliyyətinə təsiri aşkar edilir və onlar marketinqin müəssisədaxili amilləri arasında uyğunluq yaradılmasına cəhd edilir.

Marketinq tədqiqatlarının nəticəsi öz əksini müəssisənin marketinq fəaliyyətinin strategiyası və taktikasının hazırlanmasında, seçilməsində və realizasiyasında istifadə ediləcək tövsiyələrin və tədbirlərin hazırlanmasında tapır.

Hörmətlə, Səbuhi Rüstəmov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257