NƏQLİYYAT

Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulur
14 AVQUST
118

Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulur

2019-08-14 16:43:00

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Fins.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. Yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun 20 km-lik hissəsi III, 12.9 km-lik hissəsi isə IV texniki dərəcəli olmaqla uzunluğu 32.9 km-dir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Bundan başqa mövcud suötürücü boruların başlıqları istismara yaramadığından, yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Bu 20 km uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı avtomobil yollarıdır. Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq, mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 paqon-metr metal və dəmir-beton borular quraşdırılıb. Bundan başqa yolun Şəmkir-Zəyəm-Düyərli hissəsində yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılaraq yekunlaşdırılıb, 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Hazırda Zəyəm qəsəbəsində 1.3 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Layihə üzrə sözügedən hissədə Qanlı Qobu çayı üzərində 36.3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54.3 metr uzunluğa malik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulan işlərdəndir. Anoloji işlər yolun IV texniki dərəcəli 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Hazırda yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılır. Buna paralel olaraq istismara yararsız borular çıxarılır, əvəzinə müxtəlif diametrlərə malik 258 paqon-metr metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb izolyasiya olunur, 4280 paqon-metr uzunluğunda olan küvetlər təmizlənir. Bu işlərin ardınca yolların asfaltlanması işlərinə start veriləcək və 300 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 km göstəricisi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Qeyd edək ki, Şəmkir-Zəyəm-Düyərli, Zəyəm-Şiştəpə və Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır