MÜSAHİBƏ

Ekspert: “Elə banklar var ki, güclə müvazinətini saxlayır” - MÜSAHİBƏ -
02 SENTYABR
352

Ekspert: “Elə banklar var ki, güclə müvazinətini saxlayır” - MÜSAHİBƏ -

2019-09-02 10:45:00

Məlum olduğu kimi Fins.az mütəmadi olaraq müxtəlif sahələrin iş adamları, ekspertləri ilə müsahibələr təqdim edir. Bu dəfəki müsahibimiz iqtisadçı-ekspert Pərviz Heydərovdur.

Məlum olduğu kimi Palata sığorta sektoruna dair vəziyyəti açıqladı. Hesabata əsasən bəlli oldu ki, 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycanın sığorta bazarı 8% kiçilib. Sizcə bunun səbəbi nə ola bilər?

Sığorta sahəsi maliyyə bazarının bir seqmentidir desəm, hesab edirəm ki, düzgün ifadə etmiş olaram. Bu, praktik cəhətdən də belədir və özünü əyani ifadə edir. Belə ki, bütövlükdə maliyyə bazarı inkişaf etmiş ölkələrdə sığorta da geniş xarakter daşıyır və ən mühüm iqtisadi fəaliyyət növlərindən birini təşkil edir. Hesab edirəm ki, bizdə bu sahə hələ inkişaf etməlidir.

Bildiyiniz kimi Azərbaycanda yeni aqrar sığorta yaradıldı. Necə düşünürsüz bu kənd təsərüffatı və sənayeyə necə təsir edəcək?

Son illər ərzində aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq üçün, həm ərzaq təhlükəsizliyini təmin etmək üçün, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Aqrar sığortanın tam effektiv tətbiqi də o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən azı 2-3 dəfə yüksək olsun. Məlumdur ki, bizdə sığorta bazarı zəif inkişaf etdiyindən ölkədə bununla bağlı məlumatlılıq səviyyəsi də çox aşağı səviyyədədir. Aqrar sektorda isə bu iş daha bərbad vəziyyətdədir. Bu sekorda sığortanın tətbiqini çətinləşdirən daha bir amil risk səviyyəsinin çox yüksək olmasıdır. Buna görə də dövlət bu prosesdə mütləq iştirak etməlidir. Uzun müddətli dövr ərzində dövlətin sığortaedənlə sığortaolunanlar arasında bağlantı vasitəsi olaraq qalması lazımdır. Yəni dövlət sığortaedənin məsuliyyətinin bir hissəsini mütləq öz üzərinə götürməlidir. Bu, aqrar sektor yüksək inkişaf səviyyəsinə çatanadək davam etməlidir. Dövlətin maliyyə imkanları yaxşı vəziyyətdə olduğundan, bu sahədə çox effektiv və mükəmməl bir mexanizm hazırlanmalıdır.

Probelmli kreditlərin həllindən sonra Azərbaycanda bank sahəsinin yenindən canlanacağı deyilirdi. Hazırda həmin canlanma hiss edilirmi?

Bank sektorunda müsbət meyillər artıq, bir müddətdir ki, müşahidə edilir. Problemli kreditlərin həll olunması buna şübhəsiz ki, əlavə dinamika verməli idi. Lakin bu, belə qısa müddətdə özünü göstərə bilməz. Sadəcə olaraq, banklar bu dəfə köhnə səhvlərini təkrar etməməlidirlər. Əsas fəaliyyət yenə də istehlak kreditləri üzərində köklənəcəksə, bank sektorundakı canlanma sabun köpüyü effekti daşıyacaq. Odur ki, buna yol verilməməlidir. Bundan əlavə, bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir. Bu vəziyyət dəyişməz olaraq qalır təəssüf ki. Açıq deyim: ölkəmizdə banklar kreditləşdirmə fəaliyyəti ilə deyil, sələmçiliklə məşğul olublar və məşğul olmaqda da davam etmək istəyirlər. Ümumiyyətlə, bankların canlanması üçün real sektor da inkişaf etməlidir. Bunsuz mümkün deyil. Burada risk səviyyəsi olduqca yüksəkdir. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biunu tədricən aradan götürməyə imkan verəcəkdir. Odur ki, bank sektorunun sağlam inkişafı yalnız, bununla bərabər mümkündür.

Sizcə Azərbaycanın bank sektorunda yeni bankların yaradılmasına ehtiyac varmı?

Hazırda ölkədə 30 bank fəaliyyət göstərir. Bankların sayını bazar müəyyən etməlidir. 2014-2015-ci illərdəki məlum böhrandan sonra 11 bank bağlandı. Beynəlxalq Bank dövlət tərəfindən sığortalandı. Nəticə daha acınacaqlı ola bilərdi. Bu gün sektor üçün önəmli olan bankların sayı və yaxud yeni bankın yaranması kimi məsələlər deyil. Sektor özü böhrandan çıxmalıdır. Elə banklar var ki, güclə müvazinətini saxlayır. Bütövlükdə sistem sağlamlaşmağa doğru istiqamət götürərsə, banklar arasında sıradan çıxanı da ola bilər, birləşəni də, yeni təşəkkül tapmalı olanı da.

                                                                              Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır