İKT

Messencerlərdə şifrələnən yazışmanı oxumağa qadir olan yeni “FinSpy” proqramı aşkar edilib
26 İYUL
99

Messencerlərdə şifrələnən yazışmanı oxumağa qadir olan yeni “FinSpy” proqramı aşkar edilib

2019-07-26 12:25:00

“Kaspersky Lab” istifadəçilərin mobil cihazlar üzərindən apardığı bütün əməliyyatları izləyə bilən “FinSpy” proqram təminatını aşkar edib. Bu barədə şirkətdən məlumat verilir.

“Bu proqram şifrələnmədən istifadə edən “Telegram”, “WhatsApp”, “Signal” və “Threema” kimi messencerlərdən məlumatları toplaya bilir. “iOS” üçün nəzərdə tutulan “FinSpy” proqramı “Jailbreak”in izlərini gizlədə bilir, “Android” üçün nəzərdə tutulan versiya isə super istifadəçi hüquqları verən eksployta malikdir”, – məlumatda qeyd olunur.

Cinayətkarlar “FinSpy” proqramını cihaza fiziki giriş əldə etdikdə, eləcə də telefon öncədən “Jailbreak”ə məruz qaldıqda, həmçinin “Android”in köhnə versiyasından istifadə etdikdə, SMS, elektron məktub və ya push xəbərdarlıq yolu ilə yükləyə bilərlər.

Şirkətdən bildirilir ki, “FinSpy” proqramını daha çox məqsədli cəsusluq üçün istifadə edirlər. Proqram kontaktlar, elektron məktublar, SMS, təqvim məlumatları, GPS yerləşmə, şəkillər, yaddaşda saxlanılan fayllar, zənglər, yazışmalar kimi şəxsi məlumatlara çıxış əldə edir.

“Bu zaman “FinSpy”ın hər bir zərərli nümunəsi qurban seçilmiş konkret şəxsə və ya şəxslərə görə uyğunlaşdırıla bilər. “FinSpy” proqramının yaradıcıları mobil cihazlar üçün yeni qorunma imkanlarının yaranmasını diqqətlə izləyir və dərhal öz proqramlarına dəyişikliklər edirlər”, – məlumatda vurğulanır.

“Kaspersky Lab” ekspretləri “FinSpy” proqramından qorunmaq üçün istifadəçilərə bunları tövsiyə edir: mobil cihazları şifrəsiz saxlamayın; şifrənizi heç kimə deməyin; tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin; naməlum nömrələrdən göndərilən şübhəli linkləri açmayın; cihazı elə quraşdırın ki, naməlum mənbələrdən proqram yükləmək imkanı olmasın; cihazınızı mütəmadi olaraq yoxlayın və orada tanımadığınız tətbiqləri aşkarladıqda, onları dərhal silin; Android istifadəçiləri mobil cihazlarına Kaspersky Internet Security kimi etibarlı təhlükəsizlik həlli quraşdırmalıdırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır