TƏHSİL

29 November
202

Xaricdə dövlət hesabına oxumaq istəyənlərə hava-su kimi vacib bilgilər –SUALLARA CAVAB

Məlum olduğu kimi Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Fins.az Azedu.az-a istnadən 2020-2021-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanda təhsilə dair ən çox verilən suallara cavabı təqdim edir:

-Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm?

Təqaüd proqramına müraciət edəcək iddiaçılar elanın tələblərinə uyğun olaraq, hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidir:

1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir:

https://apply.stipendiumhungaricum.hu/

2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət təsdiq edilməlidir: https://www.app.htp.edu.az/

Hər iki müraciət formasını düzgün şəkildə tamamlamış və müsahibə mərhələsində iştirak üçün əsas meyarlara cavab verən şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar.

-Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm?

-Macarıstan ali təhsil müəssisələrində aşağıdakı ixtisas istiqamətləri üzrə təhsil ala bilərsiniz:

tam bakalavriat və magistratura təhsil proqramları üzrə

- kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;

- təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,

- turizm - 15 təqaüd;

- mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;

- iqtisadiyyat, biznes və idarəetmə elmləri - 55 təqaüd;

doktorantura təhsili üzrə

- istənilən maraq dairəsi - 25 təqaüd

Qeyd: ixtisaslar elanın keçid bölməsində qeyd olunmuşdur.

-Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir?

Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Bakalavriat və magistratura proqramları üçün: 43.700 Macarıstan forinti

Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti

-Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam. Təhsilimi dövlət hesabına davam etdirə bilərəm?

Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar sazişə uyğun müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o halda davam etdirə bilərsiniz ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmisiniz. Eyni zamanda, təhsil aldığınız ali təhsil müəssisəsinin adı Macarıstan tərəfindən təqdim olunmuş müvafiq siyahıda yer almalıdır.

-Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir?

-Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər.

-Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər?

-Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər. Lakin tələbələr müəyyən səviyyədə ingilis dili biliklərinə sahib olmalıdır.

-Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi kifayət edir?

-Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikatı 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə isə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentinə bərabər olmalıdır.

-Bakalavriat və ya magistratura təhsilimi tam ingilis dilində almışam. Bu halda IELTS və ya TOEFL dil sertifikatı təqdim etməliyəm?

-Əgər bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində bitirmisinizsə, müvafiq sübutedici sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır.

-Mən IELTS və ya TOEFL imtahan nəticəmi 03.01.2020-ci il tarixindən sonra əldə edə biləcəyəm. Sertifikatı həmin tarixdən sonra aidiyyəti üzrə təqdim edəcəyim halda müsahibəyə dəvət edilə bilərəm?

-Elanda verilmiş şərtlərə uyğun olan IELTS və ya TOEFL imtahan nəticəsi 10.01.2020-ci il tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən elektron qaydada təqdim olunduğu təqdirdə, digər meyarlara uyğun olaraq, müsahibəyə dəvət oluna bilərsiniz.

-SAT nəticəm var, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?

-DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;

-Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını haradan əldə edə bilərəm?

-www.edu.gov.az internet səhifəsinin elanlar bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.

-Müsahibəyə gələrkən sənədlərin orijinallarını özümüzlə gətirək?

-Müsahibəyə gələrkən hər iki ölkənin elektron ərizə sisteminə müraciətinizin çap formasını və həmin sistemə yüklədiyiniz sənədlərin surətlərini (eyni olduğu üçün sənədlər 1 nüsxə) özünüzlə gətirməyiniz xahiş edilir.

-Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi Macarıstanda davam etdirə bilərəm?

-Ölkənin yerli ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil alan şəxslər təhsilinin 50%-dən çoxunu tamamlamamış olmalıdırlar.

-Mən bakalavr təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?

-Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisaslara uyğun olmalıdır.

-Doktorantura səviyyəsi üzrə müraciət üçün ixtisas məhdudiyyəti var?

-Doktorantura səviyyəsi üzrə ixtisas məhdudiyyəti yoxdur, müvafiq kvota çərçivəsində istənilən maraq dairəsi üzrə müraciət oluna bilər. Lakin, müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur).

-Hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar?

-Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (ingilis dilinə tərcümə əlavə edilməklə). Çatışmayan sənədlər olduğu təqdirdə (diplom, diplom əlavəsi, attestat və s.), onları 1 avqust tarixinədək elektron ərizə sisteminə yükləməlisiniz.

-Mən DİM (əvvəlki TQDK) imtahanında 390 bal toplamışam, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?

-Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 450, digər sahələr üzrə ən azı 550 bal toplamalıdırlar.

-Mənim 18 yaşım 2020-ci ilin oktyabr ayında tamam olacaqdır. Macarıstan təqaüdproqramına müraciət edə bilərəm?

-Xeyr. Yalnız 01 sentyabr 2020-ci ilə kimi 18 yaşı tamam olmuş namizədlər Macarıstan təqaüd proqramına müraciət edə bilərlər (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).

-Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?

-“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.

-Təqaüd proqramı çərçivəsində qarşılanan xərclər hansılardır?

Macarıstan tərəfindən:

Ödənişsiz təhsil;

Universitet yataqxanasında yaşayış;

Tibbi sığorta;

Aylıq təqaüd

Tələbələrin beynəlxalq nəqliyyat xərcləri şəxsi vəsaitləri hesabına qarşılanır.

-Mən bundan öncəki təhsilimi xaricdə bitirmişəm, diplomun və diplom əlavəsinin nostrifikasiyasına dair sənəd təqdim etməliyəm?

-Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldə etməmisinizsə, ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

http://ani.edu.gov.az/

-Mən Macarıstan təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsində sonuncu kurs tələbəsiyəm, növbəti səviyyə üçün yenidən Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?

-Bəli, Macarıstan təqaüd proqramı çərçivəsində sonuncu kursda təhsil aldığınız təqdirdə, növbəti təhsil səviyyəsi üzrə müraciət edə bilərsiniz.

-Mən bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə Macarıstan təqaüd proqramı çərçivəsində təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə bu proqrama təkrar müraciət edə bilərəm?

-Macarıstan təqaüd proqramının tələbinə əsasən, eyni təhsil səviyyəsi üzrə bu proqrama yenidən müraciət etmək mümkün deyildir.

-Mən dövlət hesabına bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə Macarıstan təqaüd proqramına təkrar müraciət edəbilərəm?

-“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

-Mən bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm?

Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər.

-Yalnız attestat balı və IELTS göstəriciləri ilə təqaüd proqramına müraciət edə bilərəm?

-Xeyr. Müsabiqənin müsahibə mərhələsinə yalnız elanda göstərilən meyarlara cavab verən şəxslər buraxılır.