TƏHSİL

18 November
320

2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün müsabiqə elan edilib

"Bu gündən etibarən 2020-ci ilin yaz semestri üçün "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üçün elan verilib".

Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında çıxış edən Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

Onun sözlərinə görə, sənəd qəbulu ildə iki dəfə aparılacaq: "Yaz və payız semestləri üzrə sənəd qəbulu olacaq. Yaz semestri üçün sənəd qəbulu yanvarın 10-na qədər davam edəcək. Payız semestri üçün sənəd qəbulu isə sentyabrda elan olunacaq". N. Məmmədli qeyd bildirib ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib: "Dövlət Proqramı milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Bu məqsədlə Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək".

O qeyd edib ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan vətəndaşlarının “Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur.