DÜNYA

29 November
234

Çin-ABŞ ticarət müharibəsindən sonra

“Son iki ildə ABŞ və Çin arasındakı münaqişə iqtisadi və maliyyə bazarlarında mübahisələrə hakim kəsilib. Bunun tutarlı səbəbləri olub. ABŞ prezidenti Donald Trampın (Donald Trump) seçilməsindən çox əvvəl ortaya çıxan təhdid və ittihamlardan sonra ritorika hərəkətə keçib. Son 17 ay ərzində dünyanın ən böyük iki iqtisadiyyatı 1930-cu illərin əvvəllərindən bəri ən ciddi tarif müharibəsinə cəlb edilib. Və ABŞ-ın konkret “Huawei” şirkətini hədəfə aldığı ticarət siyasəti bu döyüşdə cəbhəni genişləndirib”, - tanınmış iqtisadçı Stiven Rouç (Stephen Roach) “Project Syndicate”-də yazır.

“Bu baxımdan oktyabrın 11-i böyük təntənə ilə elan edilən “qismi” ticarət sazişinin birinci mərhələsi mühüm siyasi mesaj ola bilər. Dolayısıyla, hər iki ölkənin siyasi hesabatı arasında böyük razılıq əldə olunur və tərəflərin hər biri nüfuzunu xilas etmək üçün hansısa yolla barışığa getməyə çalışır. Honkonqdakı son hadisələr və Çinin Sincan vilayətində baş verənlərin ifşa edilməsi həmişə başqa problemlərin meydana çıxa biləcəyini göstərir. Ən azından, hazırkı vəziyyətdə ticarət müharibəsi siyasəti gərginliyin qızışdırılmasından daha çox deskalasiyaya yönəlib”, - məqalədə deyilir.

Ekspert hesab edir ki, əgər birinci mərhələdə razılıq əldə olunubsa, onda ticarət müharibəsindən sonra baş verə biləcək hadisələri araşdırmaq lazımdır: “Bir neçə variant siyahıma başçılıq edir: deqloballaşma, ticarətin ayrılması və yenidən yönləndirilməsi”.

“Deqloballaşma az ehtimal olunur. Birinci Dünya Müharibəsi və Böyük Depressiya arasında rüsvayçı bir şəkildə başa çatan qloballaşmanın birinci dalğası kimi indiki dalğa da əks reaksiya doğurub. Populizm bütün dünyada idbar başını qaldırır, bərabərsizliyə görə siyasi müzakirələrdə gərginlik üstünlük təşkil edir. Qorxu da güclənir. Belə ki, süni intellekt kimi texnoloji yeniliklərin məşğulluq təminatını məhv edə biləcəyini düşünənlərin sayı artır”, - məqalə müəllifi qeyd edir.

“Qlobal ayrılma da az ehtimal olunur. Son 25 ildə qlobal istehsal-istehlak zəncirində (GVC) partlayıcı artımı əks etdirən bugünkü dünya əvvəlkindən daha sıx birləşib. Bu da keçmişin paradiqma ölkələrinə xas qlobal rəqabəti istehsal resursları, dizayn komponentləri və montaj imkanları platformaları arasında geniş yayılan parçalanmış rəqabətə çevirir”, - iqtisadçı yazır.

“Ticarətin yenidən yönləndirilməsi tamam başqa məsələdir. Dəfələrlə qeyd etdiyim kimi, ikitərəfli ticarət münaqişələri, hətta ikitərəfli ayrılmalar çoxtərəfli disbalansı aradan qaldırmaq üçün heç nə edə bilməz. Bir çox ticarət tərəfdaşı arasında birinə təzyiq göstərmək – ABŞ 102 ölkə ilə ticarət kəsrini azaltmaq məqsədilə Çinə təzyiq göstərməklə məhz bu yola əl atır – mənfi nəticələrə səbəb ola bilər. Çünki Amerikanın çoxtərəfli ticarət defisiti ölkə daxilində qənaət edilmiş pula böyük ehtiyacın olduğunu əks etdirir. Bu vəziyyət də getdikcə dərinləşəcək. Çünki bu gün federal büdcənin kəsri nəzarətdən çıxır”, - ekspert vurğulayır.

“Ticarət razılığı əldə olunacaqmı? Sualın cavabından asılı olmayaraq, ABŞ və Çin arasında uzun müddət davam edəcək iqtisadi mübarizə artıq başlayıb. Hazırkı döyüşdə atəşkəsin elan edilməsi məqsədəuyğun siyasi fasilədən başqa bir şey deyil. Çox güman, bu mübarizə soyuq müharibə kimi uzunmüddətli xarakter daşıyacaq. Mövcud vəziyyət uzunmüddətli strateji planı olmayan ABŞ-ı narahat etməlidir. Bu, Sun Dzının (Sun Tzu) “Hərb sənəti” (“The Art of War”) əsərindən mesajdır: “Əgər dərin, uzunmüddətli strategiyanız varsa, döyüşmədən belə qələbə qazana bilərsiniz””, - məqalədə deyilir.