ƏMLAK

Subasma təhlükəsi olan ərazilərdə tədbirlərə başlanıldı
17 SENTYABR
146

Subasma təhlükəsi olan ərazilərdə tədbirlərə başlanıldı

2019-09-17 17:59:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

Fins.az quruma istinadən xəbər verir ki, hazırda 5 yaşayış məntəqəsini əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.

Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazidə məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırılıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Yaşayış massivində subasma hallarının aradan qaldırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 km-dən çox kanalizasiya xətlərinin inşası nəzərdə tutulub. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır