ƏMLAK

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofislərindən daha bir fərqlilik: qeydiyyat xidməti ucqar dağ kəndlərində
13 SENTYABR
173

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofislərindən daha bir fərqlilik: qeydiyyat xidməti ucqar dağ kəndlərində

2019-09-13 16:22:00

İnsan və sosial amillərin önə çəkildiyi yeni layihələrlə, işlərlə ictimaiyyətin qarşısına çıxan Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də fərqliliyə imza atdı. Belə ki, ilk dəfə olaraq sentyabrın 13-də mobil qeydiyyat xidməti ölkənin ən ucqar dağ kəndlərində oldu. Səyyar ofislər Qubanın Susay, Alpan, Kürkün, Uzunmeşə, Gəray kəndlərində olmaqla birbaşa olaraq vətəndaşlara qeydiyyat xidməti göstərdi, sakinlərdən əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplandı.

Qeydiyyat xidmətinin bilavasitə ünvanlarda göstərilməsi ilə yanaşı, maraqlı məsələlərdən biri də həmin kəndlərin ucqar dağda, yüksəklikdə yerləşməsidir. Digər tərəfdən kəndlərin təqribən 1200 metrdən çox yüksəklikdə, şəhərin mərkəzindən 25 km aralıda yerləşməsini nəzərə alsaq mobil qeydiyyat xidməti həmin kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə gəlməsini aradan qaldırır. Eyni zamanda bu kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmasına imkan verir.

Həmin kəndlərdən olan 50-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Alpan kəndinin 17 sakinindən, Susayın 14, Kürkünün 9,  Uzunmeşənin 7, Gərayın 3 sakinindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Əldə edilən ilkin sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub.

Eyni zamanda çıxarış əldə etmək istəyən bir neçə yaşlı və fiziki məhdudiyyətli vətəndaşa komitə əməkdaşları tərəfindən xüsusi diqqət göstərilib. Belə ki, sakinlərin səyyar ofisə yaxınlaşmadan birbaşa evlərində qeydiyyat xidmətlərindən istifadəsi təmin edilib. Vətəndaşlar göstərilən bu xidmətdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. Kampaniya çərçivəsində işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Həmçinin sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətəndaşlara bildirilib ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır