ƏMLAK

Mənzillərin özəlləşdirilməsi sahəsində illik müqayisədə 30 faizdən çox artım var
02 AVQUST
179

Mənzillərin özəlləşdirilməsi sahəsində illik müqayisədə 30 faizdən çox artım var

2019-08-02 16:32:00

Bu ilin 6 ayında ölkə üzrə 9.141 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30,4 faizədək artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına səbəb olub. Belə ki, elektron çıxarışın tətbiqi, çıxarışın 1 iş günü müddətinə almaq imkanının olması, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kimi kampaniyaların keçirilməsi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərib. Bunu statistik göstəricilər də təsdiqləyir.

Belə ki, statistik məlumatlara əsasən, cari ilin yanvar-iyun aylarında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 112 minədək olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artım deməkdir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil edib. İlkin qeydiyyatın 35,55 faizi Bakı şəhərinin, qalanı isə regionların payına düşür. İlkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 3,2 faiz artıb.

Hazırda 50 mindən çox elektron çıxarış hazırlanıb. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində ölkə üzrə istismarına icazə verilən 88 binanın ünvanlarında bilavasitə qeydiyyat xidmətləri göstərilib. Həmin binalarda yerləşən 5 minədək mənzilin çıxarışı hazırlanıb. Həmçinin 9 minədək sənəd qəbul edilib. Qəbul olunan sənədlər hazırda icra mərhələsindədir.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda, əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir. Bundan başqa, təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki, bu, alğı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-iyun aylarında vətəndaşlardan 40 minədək müraciət qəbul olunub.

© Vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257