ƏMLAK

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək
24 MAY
297

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

2019-05-24 18:23:00

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.

Belə ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaqdır. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

Müsabiqənin qalibi olan investor“MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq,  tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.

“AS Tikinti” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında  15,4 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur. Bundan öncə “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olmuşdur.

Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGİNET” MMC (www.enginet.az)olmuşdur. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.

Xatırladaq ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəticəsində MİDA tərəfindən artıq 5 özəl investor cəlb olunmuşdur.

Strateji Yol Xəritəsinə əsasən MİDA tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradır, eyni zamanda investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263