DÜNYA

Neft bazarını nə gözləyir ?
18 SENTYABR
185

Neft bazarını nə gözləyir ?

2019-09-18 21:38:00

Sentyabrın 14-ü naməlum pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanın şərq bölgəsində Xurays yatağı və nəhəng Abkayk kompleksində “Saudi Aramco” şirkətinə məxsus obyektlərinə hücum ediblər.

SKOLKOVO Moskva İdarəetmə Məktəbinin Energetika Mərkəzinin eksperti Yekaterina Qruşevenko Karnegi Moskva Mərkəzində yazır ki, hücum üçün obyektlər təsadüfi seçilməyib. Abkaykdakı istehsal obyektinin gücü sutkada 7 milyon barelə çatır. Orada bir neçə yataqdan neft emal edilir, ardınca ixraca göndərilir. İstehsal obyektlərinə olunan hücumlar hasilatı tamamilə dayandırıb, çünki aşqarlardan təmizlənməmiş nefti ixrac etmək mümkün deyil. Uzaq məsafəyə görə çirkli nefti emal üçün başqa zavodlara nəql etmək alınmayacaq.

Hücum Səudiyyə Ərəbistanında hasilatın kəskin şəkildə azalmasına (sutkada 5,7 milyon barel) səbəb olub. Əgər cari ilin iyul ayında ölkədəki ümumi sutkalıq hasilatın 9,7 milyon barel, ixracın isə təxminən 7,4 milyon barel olduğunu nəzərə alsaq, onda belə çıxır ki, krallığın ixrac neftinin 75%-i bazardan çıxarılıb.

Dünya miqyasında 5,7 milyon barel ötən ildə orta sutkalıq hasilat həcminin 6%-nə və ticarət həcminin 12,5%-nə bərabərdir. Hücumdan sonra neftin qiyməti 20% artaraq sentyabrın 16-da son altı ayın rekorduna imza atıb. “Brent” markalı neft təxminən 12 dollar artaraq 71,95 dollara çatıb, sonra 68 dollar civarında qərarlaşıb.

Məqalə müəllifi qeyd edir ki, böyük itkilərə baxmayaraq, bütün maraqlı şəxslər hələlik əminlik nümayiş etdirməyə və panikaya düşməməyə çalışırlar. Neft istehlakçılarından Beynəxalq Enerji Agentliyi və ABŞ bəyanatla çıxış edib. Agentlik bazarda təkliflə bağlı sıxıntı yaşanmadığını və hal-hazırda strateji ehtiyatlardan istifadəyə ehtiyacın olmadığını deyib. Vaşinqton, əksinə, bazarda balansı saxlamaq üçün strateji ehtiyatından xam mal satışına başladığını elan edib.

İstehsalçıların, xüsusilə “OPEC+” alyansının iştirakçılarının atacağı addımlar obyektlərə dəyən ziyanın ölçüsündən asılı olacaq. Təmirin uzun çəkəcəyi məlum olsa, istehsalçılar mütləq yaranmış vəziyyətdən istifadə edərək, hasilatı artıracaqlar.

Bəs qiymətlər necə olacaq? Ekspert qəzanın real miqyası məlum olmadan bu sualı cavablandırmaqda çətinlik çəkir. “Saudi Aramco” şirkətinin rəsmi nümayəndələrinin bəyanatına əsasən, təmir təxminən iki gün (17-18 sentyabr) çəkməli idi. Lakin hücuma məruz qalan obyektlərin peyk rəsmləri və ekspertlərin şərhlərindən məlum olur ki, təmir bir neçə həftə, hətta bir neçə ay sürə bilər. Belə bir qeyri-müəyyənlik fonunda bir neçə mümkün ssenari meydana çıxır.

Birinci və ən optimist variant ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı məsələni şişirtmir və həqiqətən qısa müddət ərzində obyektləri düzəldə biləcək.

İkinci ssenaridə təmir müddətinin 1-2 ay davam edəcəyi nəzərdə tutulur. Onda bazardakı təklif çatışmazlığını kompensasiya etmək üçün təkcə Səudiyyə Ərəbistanının ehtiyatları bəs etməyəcək.

Nəhayət, ən pessimist ssenarini də istisna etmək olmaz. Bu variantda obyektlərin bərpasına 3 aydan çox vaxt tələb olunur, ya da obyektlərə hücumlar təkrarlanır.

Hal-hazırda bazarda qüvvədə olan hasilat məhdudiyyətlərinə (“OPEC+” sazişi, İrana qarşı sanksiyalar) baxmayaraq, 6%-lik beynəlxalq hasilatı  tez bir zamanda kompensasiya emtək mümkün deyil. Hətta ehtimal etsək ki, ABŞ birdən İrandan sanksiyaları ləğv edəcək (bu da az ehtimal olunur, çünki İranı hücumda günahlandırırlar) və ölkə tez bir zamanda sanksiyalardan əvvəlki vəziyyətə - sutkalıq 1,2 milyon barellik hasilata geri qayıdacaq, ABŞ-ın şist neft istehsalçıları daha 0,3-0,5 milyon əlavə edəcək, bu halda belə, həcmin yalnız 50%-ni kompensasiya etmək mümkün olacaq.

Dünyanın ən böyük neft ixracatçısının düz sənaye mərkəzinə hücum sistemin nə qədər zəif olduğunu göstərir. Böyük neft-qaz infrastrukturuna malik ölkələrin təhlükəsizliyin təmin edilməsi ilə bağlı daha ciddi tədbirlər görəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır