DÜNYA

Bu gün Türk Lirəsi ilə bağlı vacib qərar veriləcək
12 SENTYABR
95

Bu gün Türk Lirəsi ilə bağlı vacib qərar veriləcək

2019-09-12 09:39:00

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarının açıqlayacaq.Fins.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının, inflyasiyanın aşağı düşməsi, qlobal mərkəzi bankların pul siyasətlərini yumşaltmaları və Türk Lirəsinin məzənnəsinin nisbətən sabitləşməsinə görə, ən azı 200 - 250 bənd faiz endirimi edəcəyi gözlənilir.

 
Murat Çetinkaya Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən azad edildikdən sonra İyul ayında yeni sədr Murat Uysalın rəhbərliyi ilə keçirilmiş ilk iclasda faiz 24%-dən 19.75%-ə endirilmişdir.İnflyasiyada davam edən azalma Mərkəzi Bankının faiz endirimi üçün əsas yaratsa da ekspertlər bankın təmkinli faiz endirimi etməsi lazım olduğunu vurğulayırlar. İnflyasiya Avqust ayında da düşməkdə davam etmiş və illik müqayisədə 15.01% ilə bir ildən artıq müddətin ən aşağı səviyyəsinə enmişdir.

"Bloomberg"in sorğusuna görə, bu gün Türkiyə Mərkəzi Bankı 275 bənd faiz endirimi edəcək. Bazar proqnozları daha çox 200-250 bənd civarındadır. 

Türkiyə Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq. Faizin 19,75%-dən 17,25%-ə endiriləcəyi gözlənilir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faizlərin daha çox düşəcəyini deyib. Ərdoğan məsələyə dair, "Cümə axşamı günü Mərkəzi Bankın İdarə Heyəti toplanır. İnanıram ki, faiz daha da düşəcək. Faiz düşdükcə inflyasiya da aşağı düşəcəkdir, bunu görəcəksiniz" deyib.

Sonuncu iclasda Mərkəzi Bankın 425 bənd faiz endiriminə baxmayaraq Türk Lirəsi güclü qalmış, faiz endiriminə ilk reaksiya olaraq 5.70-dən 5.76-ya yüksələn Dollar/Türk Lirəsi məzənnəsi daha sonra 5.65 səviyyələrinə geriləmişdi.Bakı vaxtı ilə saat 07:30-da Dollar/Türk Lirəsi məzənnəsi 5.76 səviyyələrində olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır