DÜNYA

ABŞ-ın ticarət naziri Türkiyədə müzakirələr aparıb
11 SENTYABR
81

ABŞ-ın ticarət naziri Türkiyədə müzakirələr aparıb

2019-09-11 13:03:00

ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edərək burada bir çox işgüzar görüşlər keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Amerikalı qonaqlar əvvəlcə qardaş ölkənin ən böyük iqtisadi və maliyyə mərkəzi olan İstanbulda iri biznes dairələrinin rəhbərləri ilə geniş müzakirələr aparıblar.

Sentyabrın 8-də ABŞ-ın nümayəndə heyəti İstanbuldan Ankaraya gəlib.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan amerikalı həmkarı ilə keçirdiyi görüşdə rəsmi Ankaranın Türkiyə ilə ABŞ arasında iqtisadi, siyasi, mədəni əlaqələrin gücləndirilməsinə böyük önəm verdiyini bildirib.

Nazirlər iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsinin xüsusilə vacib olduğunu vurğulayıblar, təmsil olunduqları hökumətlərin bütün lazımi addımları atmağa hazır olduğunu dilə gətiriblər.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2018-ci ildə Türkiyə ilə Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsinin həcmi 20,6 milyard dollar olub. Türkiyə ABŞ-a 8,3 milyard dollarlıq məhsul ixrac edib.

Yeri gəlmişkən, bu il sentyabrın 9-da Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak da ABŞ-ın ticarət naziri ilə görüşüb. B.Albayrak görüşün nəticələrini şərh edərkən öz “Twitter” səhifəsində qeyd edib ki, yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaq mümkündür və hər iki tərəf bu hədəfə nail olmaq əzmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır