DÜNYA

ABŞ-la Çinin ticarət müharibəsi dünya iqtisadiyyatına nə qədər ziyan vuracaq ?
06 SENTYABR
100

ABŞ-la Çinin ticarət müharibəsi dünya iqtisadiyyatına nə qədər ziyan vuracaq ?

2019-09-06 14:28:00

ABŞ ilə Çin arasında ticarət müharibəsinin ticarət siyasətində səbəb olduğu qeyri-müəyyənlik gələn ilin əvvəlinədək dünya iqtisadiyyatının təxminən 850 milyard dollar itirməsinə gətirib çıxara bilər. Bu barədə “Reuters” agentliyi xəbər verir. Agentlik ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən həyata keçirilən araşdırmaya əsaslanıb. Xüsusən bu mövzu ilə bağlı qəzet məqalələrini təhlil edən tədqiqatçılar aydınlaşdırıblar ki, ticarət siyasətindəki qeyri-müəyyənlik “1970-ci ildən bəri görünməmiş həddə çatıb”. Sonra onlar bu qeyri-müəyyənliyin iqtisadi aktivliyə zərbə gücünü qiymətləndiriblər. Belə ki, müəssisələr istehsal tempini aşağı salır, investisiyaları azaldırlar. Araşdırma qrupunun gəldiyi nəticə belə olub: qlobal miqyasda onun təsiri təxminən ÜDM-in 1%-ni təşkil edəcək. “Reuters” agentliyinin hesablamalarına görə, hazırda ABŞ ÜDM-i təxminən 20 trilyon dollar, dünya ÜDM-i isə təxminən 85 trilyon dollar civarında qiymətləndirilir. Bu zaman 1%-lik təsir ABŞ səviyyəsində 200 milyard dollar, qlobal səviyyədə 850 milyard dollar itkiyə gətirib çıxaracaq. Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsi ötən il başlayıb. Buna səbəb ABŞ prezidenti Donald Trampın (Donald Trump) Çin məhsullarına idxal rüsumu tətbiq etməyə başlaması olub. Pekin Vaşinqtona eyni şəkildə cavab verməyə başlayıb. Tərəflər dəfələrlə ticarət müharibəsinə son qoya biləcək sazişin əldə olunması üçün danışıqlar aparıblar, ancaq hələlik razılıq əldə etmək mümkün olmayıb.

Sentyabrın 1-dən ümumi 300 milyard dollar məbləğində Çin məhsullarına Amerikanın yeni rüsumları qüvvəyə minib. Tariflər 15% artıb. Oktyabrın 1-dən Çinin ümumi 250 milyard dollar məbləğində başqa məhsullarına tariflər 30%-dək artacaq. Çindən idxal edilən bir sıra məhsullara cari ilin dekabr ayınadək növbəti artım gözlənilir. Tramp Amerika şirkətlərindən Çindəki istehsala alternativ axtarılmasını tələb edib, istehsalı ABŞ-a köçürmək lazım gəldiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır