DÜNYA

Qlobal istiləşməyə qarşı mübarizə gücləndirilməlidir
06 SENTYABR
88

Qlobal istiləşməyə qarşı mübarizə gücləndirilməlidir

2019-09-06 13:24:00

2019-cu ilin iyul ayı bütün meteoroloji müşahidələr tarixində ən isti ay olub. 2015–2019-cu illər isə son 10 ildə ən isti illər olub. Bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, bu yaxınlarda Fransanın Biarrits şəhərində keçirilmiş “Böyük yeddiliy”in sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş qlobal istiləşməyə diqqət çəkərək deyib: “Dünya Meteorologiya Təşkilatının məlumatına görə, atmosferdə karbon qazının konsentrasiya səviyyəsi bəşər tarixi ərzində ən yüksək səviyyəyə çatıb: karbon qazının belə səviyyəsi 3-5 milyon il əvvəl də mövcud olub, lakin onda temperatur da xeyli çox, dənizlərin səviyyəsi də 10-20 metr yüksək olub”.

Baş katib xatırladıb ki, qlobal istiləşmənin təsiri dünynanın ən ucqar bölgələrindən də yan keçmir. Belə ki, Arktikada, Antarktikada və Qrenlandiyada buzlaqlar sürətlə əriyir. Təkcə 2019-cu ilin iyul ayında Qrenlandiyada 179 milyard ton buz təbəqəsi əriyərək yoxa çıxıb.

Bildirilir ki, ABŞ Kosmik Tədqiqat Agentliyi NASA-nın peykləri tərfindən aparılan müşahidələr vasitəsilə bu proses daha dəqiqliklə izlənilib. BMT sədrinin hesabatında, həmçinin qeyd edilib ki, qlobal istiləşmənin təsiri Sibir, Alyaska, Kanada və Amazonda meşə yanğınlarının və yaxud da bu regionlarda iqlimə xas olmayan anomal təbii proseslərin baş verməsinə səbəb olub. Antonio Quterreş deyib: “XXI əsrin sonuna qədər temperaturun yüksəlməsini selsi üzrə 1,5 dərəcə həddində saxlamalı, karbon qazı tullantılarını 2050-ci ilə qədər sıfıra endirməli, istixana qazları tullantılarını 2030-cu ilə qədər 45 faiz azaltmalıyıq. Bunun əksi olacağı təqdirdə isə bəşəriyyət qarşısıalınmaz təbii fəlakətlərlə üz-üzə qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır