DÜNYA

ABŞ İranın kosmik proqramına qarş sanksiya tətbiq edib
04 SENTYABR
83

ABŞ İranın kosmik proqramına qarş sanksiya tətbiq edib

2019-09-04 17:32:00

ABŞ İranın kosmik proqramında iştirak edən təşkilatlara qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin ötən gün yaydığı bəyanata istinadla “DW” portalı xəbər verir. Məhdudlayıcı tədbirlər xüsusilə İran Kosmik Agentliyi,  İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq ediləcək.

Açıqlamada bildirilir ki, kosmik ehtiyaclar üçün işlənib hazırlanan bəzi proqramlar ballistik raketlərin istehsalı üçün lazım olan proqramlarla “demək olar identikdir”. Bundan başqa, kosmik texnologiyaları qitələrarası raket istehsalında da istifadə etmək olar. Dövlət Departamenti İranın kosmik proqramı ilə əməkdaşlığa görə beynəlxalq elmi ictimaiyyətə xəbərdarlıq edib: bu, hərbi istehsala yardım kimi qiymətləndiriləcək.

Elə həmin gün qərardan öncə parlamentdə çıxış edən İran prezidenti Həsən Ruhani (Hassan Rouhani) Vaşinqtonla ikitərəfli danışıqların mümkün olmadığını deyib. Onun sözlərinə görə, danışıqlar yalnız “5+1” qrupu çərçivəsində və Tehrana qarşı Amerika sanksiyaları ləğv edildikdən sonra keçirilə bilər.

Ruhani daha öncə də bu məsələyə toxunub. Belə ki, avqustun sonunda prezident ABŞ-a tələb irəli sürüb: “Siz İran xalqına qarşı bütün qanunsuz, ədalətsiz və yalnış sanksiyalardan imtina etməlisiniz. Əgər etsəniz, gələcək müsbət inkişaf haqqında danışıqlar aparmaq mümkün olacaq”. Ruhani həmçinin əlavə edib ki, əks təqdirdə Ağ Ev rəhbəri Donald Trampla (Donald Trump) görüş fotosessiyadan başqa bir şey olmayacaq. Tramp həmin bəyanatdan bir müddət əvvəl İran prezidenti ilə görüşə hazır olduğuna dair mesaj verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır