DÜNYA

Pentaqon Trampın divarına görə, 127 layihəni təxirə salıb
04 SENTYABR
125

Pentaqon Trampın divarına görə, 127 layihəni təxirə salıb

2019-09-04 14:05:00

Pentaqon ABŞ-Meksika sərhədində istehkam tikintisinə 3,6 milyard dollar göndərmək üçün hərbi obyektlərin inşası üzrə 127 layihəni təxirə salacaq, ya da dayandıracaq. Fins.az xəbər verir ki bu barədə “The New York Times” (NYT) nəşri və “CBS” telekanalı məlumat yayıb.

NYT mənbələrinin sözlərinə görə, sentyabrın 3-ü müdafiə nazirliyinin nümayəndələri regionlardan olan konqresmenlərin resurslarını yenidən bölüşdürmək qərarı haqqında xəbərdarlıq etməyə başlayıblar. Bildirilir ki, layihələr ləğv edilmir, sadəcə təxirə salınır.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (Nancy Pelosi) resursların yenidən bölünməsini “pul oğurluğu” adlandırıb. Onun fikrincə, bu cür addımlar milli təhlükəsizliyi, həmçinin yaşam keyfiyyətini və hərbçilərin mənəviyyatını sarsıdır. Silahlı Qüvvələr Komitəsinin üzvü, konqresmen Con Qaramendi (John Garamendi) bəyan edib ki, hər bir inşaat layihəsi bir neçə il ərzində nəzərdən keçirilib. O, həmçinin müdafiə naziri Mark Esperlə (Mark Esper) arasında “xoşagəlməz söhbət” olacağına söz verib.

“CBS” telekanalının əldə etdiyi məlumata görə, Pentaqon sentyabrın 3-ü divarın tikintisinə ayrılacaq vəsaiti təsdiq edib. 3,6 milyard dollarlıq vəsaitin yarısını xaricdə hərbi tikililərə, yarısını isə ABŞ-dakı layihələrə ayrılan pullar təşkil edəcək.

Meksika sərhədində divar tikintisi Donald Trampın (Donald Trump) seçkiqabağı vədlərindən biri olub. Tikilinin maliyyələşdirilməsi ilə bağlı mübahisələr ölkə tarixi ərzində hökumətin fəaliyyətini ən uzun müddətə (35 gün) dayandırmasına gətirib çıxarıb. Prezident fövqəladə vəziyyət rejimi elan edib və başqa layihələrə ayrılan 6 milyard dolları divarın tikintisinə göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır