DÜNYA

Neftin qiyməti nə zaman 30$-dan aşağı düşə bilər?
11 İYUN
155

Neftin qiyməti nə zaman 30$-dan aşağı düşə bilər?

2019-06-11 15:01:00

Rusiyanın maliyyə naziri xəbərdarlıq edib ki, neft hasilatının məhdudlaşdırılması ilə bağlı aparılan yeni danışıqlar nəticəsiz qalsa, neft 40 dollardan aşağı düşə bilər. Fins.az bu barədə  “RBC”-ya istinadən məlumat verir. “OPEC” təşkilatına üzv olan ölkələr və neft emalı ilə məşğul olan digər dövlətlərin cari ilin ortalarında müddəti başa çatan neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişin uzadılmasından imtina etməsi dünya bazarlarında neft qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər. Rusiyanın maliyyə naziri, birinci vitse-baş nazir Anton Siluanov Dövlət Dumasının büdcə və vergilər komitəsinin iclasında belə bir xəbərdarlıqla çıxış edib.“Biz axı yayda nə olacağını bilmirik. “OPEC” hasilatın azaldılması ilə bağlı razılığa gələcək ya yox?! Razılığa gəlməsə, qiymətlər 40 dollardan aşağı düşə, 30 dollar ola bilər”, - deyə Siluanov bildirib.

“OPEC+” ölkələrinin cari ilin ilk yarısında  neft hasilatının sutkalıq 1,2 milyon barel məhdudlaşdırılması ilə bağlı əldə etdiyi saziş ötən ilin dekabr ayında imzalanıb. 2019-cu ilin yazında ABŞ ilə İran arasında qarşıdurmanın kəskinləşməsi fonunda dünya bazarlarında neftin qiyməti nəzərə çarpacaq dərəcədə artıb. Aprelin 25-i “Brent” markalı neftin qiyməti son altı ay ərzində ilk dəfə 75 dolları üstələyərək, ən maksimum həddə - 75,6 dollara çatıb. Ancaq ardınca neft kotirovkaları aşağı düşüb, özü də ayrı-ayrı günlərdə ucuzlaşma sutkada 3-4% təşkil edib. İyunun 3-də isə “Brent” markalı neftin bir bareli təxminən 5% ucuzlaşıb.

İyunun 10-u “Brent” markalı neftin bir barelinin qiyməti 63 və 64 dollar arasında tərəddüd edir. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu qiymət rus rəhbərliyini qane edir.Putin iyunun 6-ı Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bildirib: “Əlbəttə, Səudiyyə Ərəbistanı neft qiymətlərinin yuxarıda qalmasını istəyir. Rus iqtisadiyyatı diverfikasiya olduğu üçün bizim belə bir ehtiyacımız yoxdur. Büdcənin 40 dollardan hesablandığını nəzərə alsaq, kifayət qədər ciddi marja əldə etmiş oluruq”.

İqtisadi İnkişaf  Nazirliyinin apreldə dərc olunan proqnozuna əsasən baza ssenaridə neft qiymətlərinin 2019-cu ilin sonunadək tədricən ucuzlaşması nəzərdə tutulub, bu zaman Rusiyanın “Ural” markalı neftinin bir barelinin orta illik qiyməti 2019-cu ilin yekunları üzrə 63,4 dollar səviyyəsində proqnozlaşdırılır. Proqnoza görə 2020-ci ildə qiymət 59,7 dollara, 2024-cü ilədək isə 53,5 dollara enə bilər.

“Altı illik perspektivdə neftin qiymət dinamikası ilk növbədə təkliflə müəyyənləşəcək. ABŞ kimi ölkələrdə neft hasilatının sürətli artımı və “OPEC+” ölkələri ilə Rusiya tərəfindən hasilat həcminin tədricən artırılması  qiymətlərin müntəzəm ucuzlaşmasına gətirib çıxaracaq. Venesuela başda olmaqla neft istehsalı ilə məşğul olan bir sıra böyük ölkədə neft tədarükündə yaşanan fasilələr enerji daşıyıcıları bazarında qeyri-sabitliyə səbəb olacaq”, - sənəddə deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263