BÜDCƏ

Büdcədəki kəsir ilə bağlı Maliyyə Nazirliyindən açıqlama
26 İYUL
191

Büdcədəki kəsir ilə bağlı Maliyyə Nazirliyindən açıqlama

2019-07-26 12:17:00

Maliyyə Nazirliyi: “Büdcə kəsiri təsdiq olunan yuxarı həddən yüksək deyil. Kəsir özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”  

2019-cu ilin birinci yarımilliyində  dövlət büdcəsinin kəsirlə icra olunmasını şərh edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2019-cu ilin dövlət büdcəsi 23 milyard 168 milyon manat gəlir, 25 milyard 190  milyon manat xərc və müvafiq olaraq 2 milyard 22  milyon manat məbləğində kəsir olmaqla təsdiq olunub. O qeyd edib ki, kəsirlə təsdiq olunan büdcə dünyanın əksər dövlətlərinə xas olan praktikadır.

“2019-cu ilin birinci yarısında ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdir. Göründüyü kimi həmin kəsir təsdiq olunan yuxarı həddən yüksək deyil. Bu kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri - özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”, - deyə M.Piriyev vurğulayıb.

Qeyd edək ki, cari ilin birinci yarısında dövlət büdcəsinin xərcləri tam şəkildə - 100,2 faiz icra olunub.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257