BİZNES

Sahibkarlığın İnkişafı Fondu agent banklara ayrılan kredit limitini artırıb
06 SENTYABR
224

Sahibkarlığın İnkişafı Fondu agent banklara ayrılan kredit limitini artırıb

2019-09-06 17:52:00

Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil banklara ayrılan kredit limitini artırıb. Fins.az xəbər verir ki, “Bu qərar SİF-in Müşahidə Şurasının iclasında qəbul edilib”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və s. yönəldiləcək.

Hazırda Sahibkarlığın İnkişafı Fondu 42 bank və bank olmayan kredit təşkilatı ilə əmkdaşlıq edir.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır