BANK

15 Oktyabr
25

Cəmi gəlirləri 28 milyon 181 min manat olan Azərbaycan bankı

“Turanbank”ın müştərilərə verdiyi kreditlər və gəlirləri artıb. “Turanbank” ASC 2019-cu ilin 9 ayının (yanvar-sentyabr) dövrünü 329 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. “Turanbank” 2018-ci ilin 9 ayını 65 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 2 dəfəyə yaxın azalması ilə bağlıdır. Bankın biznes fəaliyyətinin nəticəsini daha dəqiq əks etdirən əməliyyat mənfəəti isə xərclərin artması ilə əlaqədar olaraq cüzi azalıb.

Bankın rüblük hesabatında bildirlir ki, ilin yanvar-iyun dövründə “Turanbank”ın cəmi gəlirləri 28 milyon 181 min manat, cəmi xərcləri isə 27 milyon 520 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 661 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 332 min aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayı ərzində “Turanbank”ın cəmi gəlirləri 25 milyon 287 min manat, cəmi xərcləri 24 milyon 590 min manat, əməliyyat mənfəəti 697 min manat təşkil etmişdi. Bank həmin dövrdə əməliyyat mənfəətinin 633 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Turanbank”ın cəmi gəlirlərinin 2 milyon 894 min manat artması ilə bərabər cəmi xərcləri 2 milyon 930 min manat artıb. Cəmi xərclər cəmi gəlirlərdən daha çox ardığından “Turanbank”ın əməliyyat mənfəəti 36 min manat azalıb.

Xalis mənfəətin 5 dəfə artması ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 1,9 dəfə azalması ilə bağlıdır (633 min manatdan 332 min manata düşüb).

30 Sentyabr 2019-cu il tarixində “Turanbank” 517 milyon 997 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 335 milyon 367 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 492 milyon 606 min manat, o cümlədən müştərilərə verilən kreditlər 313 milyon 80 min manat təşkil etmişdi.

30 Sentyabr 2019-cu il tarixində “Turanbank” 77 milyon 262 min manat məcmu kapitala malik olub.