BANK

Dünya Dollar asılılığından qurtulmaq istəyir
12 SENTYABR
329

Dünya Dollar asılılığından qurtulmaq istəyir

2019-09-12 11:01:00

“Söz yox, əməl əhəmiyyətlidir. Bu, xüsusən diplomatiyaya aiddir. Çin ticarət müharibəsində ABŞ-a bir növ “sülh sazişi” təklif edib. Müxtəlif ölkələrin mərkəzi banklarının atdığı addımlar isə başqa məsələdən xəbər verir. Pekin daha amerikalılara inanmır. Çin avqustda “dollardan çıxırıq, qızıla giririk” prinsipi üzrə fəaliyyət göstərməyi təklif edib. Çin Xalq Bankı təkcə ötən ay altı ton qiymətli metal əldə edib. Ötən ilin dekabrından isə bu rəqəm təxminən 100 tona çatıb. Bu da dollara açıq-aydın “etimadsızlıq rəyi” deməkdir”, - Holger Tsşepits (Holger Zschäpitz) Almaniyanın “Die Welt” qəzetində yazır.

Bu zaman nəşr xatırladır ki, ABŞ ilə rəqabət aparan Çin aparıcı beynəlxalq valyutadan qurtulmağa çalışan yeganə ölkə deyil. Başqaları da dollara alternativ axtarır.

Digər ölkələrlə müqayisədə öz valyuta ehtiyatlarını ən çox yenidən strukturlaşdıran Rusiya olub. Kreml Amerikanın demək olar bütün dövlət istiqrazılarını satıb, qiymətli metal ehtiyatlarını xeyli artırıb. Son 10 ildə qızıl ehtiyatları təxminən 4 dəfə artıb.

Mərkəzi Bankların qızıl alışı bu metalın maliyyə bazarlarına geri dönməsinə kömək edən amillərdən biri olub. Təkcə bu il bir unsiyanın qiyməti 17% bahalaşıb. Sarı metalın avro ilə qiyməti də rekorda imza atıb. Ekspertlərin çoxu tendensiyanın davam edəcəyini proqnozlaşdırır, çünki mərkəzi banklar öz qızıl ehtiyatlarını artırmağa davam edəcəklər.

“Incrementum” konsaltinq şirkətindən ekspert Ronald Ştöferle (Ronald Stöferle) qızıla ümid edən tənzimləyicilərin fəaliyyətini beynəlxalq valyuta sisteminə inamsızlıq əlaməti hesab edir. Onun fikrincə, qiymətli metal gələcəyin yeni valyuta sistemində xüsusi rol oynayır. XXI əsrdə ənənəvi kağız pullarla klassik “qızıl standart”ının yerinə kriptovalyutaya əsaslanan “qızıl standartı” formalaşa bilər. Başqa sözlə, elə rəqəmsal valyutalar meydana çıxa bilər ki, onlar üçün qızıl bir növ “lövbər”ə çevrilsin.

Məqalə müəllifi qeyd edir ki, mərkəzi banklar arasında dolların yerini tutacaq qlobal kriptovalyuta ideyası getdikcə populyarlıq qazanır. Bu yaxınlarda İngiltərə Bankının başçısı Mark Karni (Mark Carney) Cekson Holda müxtəlif ölkələrdən olan həmkarları ilə görüşdə dollara deyil, müxtəlif valyuta “səbətinə” əsaslanan qlobal rəqəmsal ehtiyat valyutasının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bir ehtiyat valyutanı digəri ilə əvəzləmək mənasız olardı, dünya bir valyutaya əsaslansa, çox riskli vəziyyət alınacaq. Dünya ticarətinin təxminən 10%-i və dünya ÜDM-nin təxminən 15%-i ABŞ-ın payına düşür. Dünya ölkələrinin 30%-nin valyutaları dollarla əlaqəlidir. Belə ki, Asiyada tranzaksiyaların yarısı dollarla həyata keçirilir, hətta ABŞ həmin köçürmələrdə iştirak etməsə belə. İnkişaf etməkdə olan ölkələr üçün dollar bazalı sistem daha da risklidir. Argentina və ya Türkiyə kimi ölkələrin borcunun üçdə iki hissəsi dollarla hesablanır. Bu da mütəmadi olaraq dollar böhranlarına və defoltlara gətirib çıxarır. Hazırda Argentinada belə bir vəziyyət müşahidə edilir. Federal Ehtiyat Sistemi hər dəfə faiz dərəcəsini, dolayısıyla, dolların dəyərini artıranda, inkişaf etməkdə olan ölkələrdə problem yaranır.

Karni müxtəlif valyutalardan ibarət çoxqütblü valyuta sistemi təklif edib. Bu, beynəlxalq valyuta bazarında qiymət dəyişmələrini aradan qaldıra və təhlükəli kapital axınlarının qarşısını almağa kömək edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır