BANK

Azərbaycanda "Apple Pay" və "Google Pay" ödəniş sistemləri tətbiq ediləcək
10 SENTYABR
386

Azərbaycanda "Apple Pay" və "Google Pay" ödəniş sistemləri tətbiq ediləcək

2019-09-10 17:14:00

"Visa Inc" beynəlxalq kart təşkilatı "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün platforma rolunu oynayacaq. Bunu jurnalistlərə açıqlamasında “Visa”nın Qafqaz, MDB və Cənubi-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş deyib. Onun sözlərinə görə, şirkətlərin bu və digər bazarlarda təmsil olunması birbaşa onların qərarından asılıdır: "Lakin elə vacib məqamlar var ki, onlara xüsusi diqqət yetirilir. Məsələn, ilk növbədə ölkədə tokenizasiya texnologiyasının olmasıdır. Bu olmadığı təqdirdə, əlbəttə ki, kartların rəqəmsallaşdırılması və telefona yerləşdirilməsi mümkün deyil. Belə olan halda, "Apple Pay"lə ödəniş aparmaq mümkün deyil. Məhz ona görə də Azərbaycanda "Visa Token Service"in istifadəyə verilməsi tokenizasiya istiqamətində atılan bir addımdır ki, tədricən "Apple Pay" və "Google Pay" kimi ödəniş sistemləri ölkəyə gələ bilsinlər".

"Visa"nın rəsmisi onu da bildirib ki, bu şirkətlər üçün digər önəmli faktorlardan biri də təmassız ödənişləri qəbul edə biləcək infrastrukturun olmasıdır: "Biz "Visa" olaraq banklarla sıx əməkdaşlıq edirik ki, təmassız ödəniş infrastrukturunu genişləndirək. Bildiyiniz kimi, telefon vasitəsilə yalnız təmassız ödənişlər aparmaq mümkündür. Qeyd edim ki, "Visa" bu prosesi stimullaşdırmaq üçün cari ilin aprel ayından bütün region üzrə, o cümlədən Azərbaycanda ödəniş texnologiyalarının inkişafına dair yol xəritəsi tətbiq edib. Onun da əsas elementlərindən biri ölkədə yalnız təmassız ödəniş qəbuletmə imkanına malik olan terminalların quraşdırılmasıdır. Artıq bu gün Azərbaycan bankları tərəfindən quraşdırılan bütün terminallar bu funksiyanı dəstəkləyir. Bu da, əlbəttə ki, "Apple" və "Google"un bu bazara daxil olmasına şərait yarada biləcək vacib elementlərdən biridir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır