BANK

Elman Sadıqov: "Subyektiv amillər olmasa,kəskin inflyasiya ehtimalı çox aşağıdır"
27 AVQUST
720

Elman Sadıqov: "Subyektiv amillər olmasa,kəskin inflyasiya ehtimalı çox aşağıdır"

2019-08-27 17:18:00

Son dövrlər Azərbaycanda bankların idarə olunması və "Məsafədən bank hesablarının açılması"  ilə bağlı Maliyyə Bazarlarına nəzarət palatası tərəfindən yeni qaydaların tətbiqi ilə bağlı  banların fəaliyyətində və xidmətlərində zəruri yeniliklər ediləcək. Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanan "Sosial paket"-in inflyasiyaya mümkün təsirləri ilə bağlı iqtisadçı -ekspert Elman Sadıqovun fins.az-a müsahibəsini təqdim edirik 

Mütəxəssislərin fikrincə prezident İlham Əliyevin imzaladığı “Sosial paket”lə bağlı artımların bir hissəsi sentyabr ayından etibarən reallaşacağı üçün dövriyyədə olan nağd pul kütləsinin çoxalması ilə bağlı infilyasiyanın həcmi artacaq.Bu proqnoz nə dərəcədə doğrudur?

- Bu suala cavab vermək üçün öncə bir neçə rəsmi statistik rəqəmə nəzər salaq. Əvvəla, 2015-ci ildən sonra baş verən 2 devalvasiyadan sonra aparılan monetar siyasət nəticəsində dövriyyədə olan pul kütləsi azalmışdı. Manat 118% (0.7845 və 1.7 kursları arasındakı fərq) dəyər itirsə də, pul kütləsi 11.5 milyard manatdan (31.12.2014-cü ii) 10.6 milyard manata (31.07.2019) qədər enmişdir. 2014-cü il ərzində əhalinin nominal gəlirləri 39.4 milyard manat, ÜDM isə 59 milyard manat olmuşdur. 2018-ci il ərzində əhalinin nominal gəlirləri 53.4 milyard manat, ÜDM isə 79.8 milyard manat olmuşdur. Gördüyümüz kimi, göstərilən müddətlər ərzində ÜDM 48.6%, əhalinin nominal gəlirləri isə 49.8% artmışdır.  30.06.2019-cu il tarixə ölkədə rəsmi illik inflyasiya isə 2.5%-dir. Bütün bu rəqəmləri müxtəlif göstərici, əmsal və dəyişənlər nəzərindən təhlil etdikdə alınan nəticələr budur ki, ÜDM və əhalinin nominal gəlirlərinin artım templəri çox yaxın göstəricilərlə artsa da pul kütləsinin nəinki artmaması, hətta azalması (göstərilən tarixlər aralığında) inflyasiya göstəricisinin aşağı olmasını təmin etmişdir. Lakin, pul kütləsi artan göstəricilər fonunda iqtisadiyyat üçün tələb olunan göstəricidən çox aşağıdır. Bu da nəticə etibarilə onu göstərir ki, iqtisadiyyat əlavə 1-2 milyard manatlıq pul inyeksiyasını asanlıqla həzm edə bilər. İnflyasiya göstəricisinə gəlincə. Azərbaycan kimi ölkə üçün 2.5% inflyasiya aşağı rəqəmdir. Bu rəqəm əslində yüksək inkişaf etmiş ölkələrin inflyasiya hədlərinə yaxın rəqəmdir. (ABŞ və Avropada nəzərdə tutulan inflyasiya hədəfi 2% ətrafındadır). Mərkəzi Bankın da infliyasiya hədəfi 4% (±2%). Mən burada 4% (+2%) hədəfi və bu hədəfə nail olmağı daha məqsədəuyğun hesab edirəm. İnkişaf etməkdə olan ölkələr üçün bu göstərici daha məqbuldur. İqtisadiyyata əlavə pul inyeksiyası nəticəsində kəskin inflyasiyanın olacağına inanmıram. Burada bəzi məhsulların qiymətinin artması baş verə bilər və bu qanunauyğundur. Ölkədə istehsal olunan və ya istehsal potensialı olan əmtəələr üzrə qiymət artımları bizi qorxutmamalıdır.Malların qiymət artımı nəticə etibarilə həmin malların istehsalının artımına və ya istehsalının təşkilinə səbəb olacaq, daha çox mal istehsalı isə nəticə etibarilə iş yerlərinin artmasına, qiymətlərin isə stabilləşməsinə səbəb olacaq. Yəni, təklif artacaq, məhsul bolluğu yaranacaq. Ölkədaxili tələbdən artıq istehsal olunan məhsulun isə ixrac potensialı ola bilər. Önəmli olan məsələ məhsulun istehsalına marağın artırılmasıdır. Xüsusilə böhranlardan sonra müxtəlif ölkələrdə bu proseslər baş vermişdir. Burada buraxılan səhvlər həmin qiymət artımını idxal və ya monetar siyasətlə azaltmaq olmuşdur ki, nəticə etibarilə ölkə həmin mallar üzrə idxaldan asılılığını davam etdirməli olar. Qısası, kəskin inflyasiya ehtimalı subyektiv amillər olmasa çox aşağıdır. Ayrı-ayrı məhsullarda olan qiymət artımını isə həmin məhsulların daha çox istehsalı üçün şansa çevirmək öz əlimizdədir. Bahalı, lüks, ölkədə istehsal potensialı olmayan mallara isə tələbin kəskin artması ehtimalı azdır. Hal-hazırda da bu cür mallara olan tələb normadan artıq deyildir.

Bunu nəzərə alaraq Mərkəzi Bank hansı addımlar atmalıdır?

- Burada 2 yol var. Birinci yol, qiyməti artan ayrı-ayrı məhsulların qiymətlərini idxal və ya inzibati yollarla aşağı salmaq, ikinci yol isə həmin malların ölkədə istehsalını artırmaq. Birinci yol daha asan görünsə də, iqtisadi cəhətdən məqbul olmayan və ölkəni davamlı idxaldan asılı saxlayan yoldur. İkinci yol isə nisbətən çətindir, müəyyən vaxt tələb edir, lakin tələbin istehsal vasitəsilə ödənilməsinə, nəticədə ölkədən kapital axınının azalmasına, iş yerlərinin, pul dövriyyəsinin və vergi daxilolmaların artmasına səbəb olan təqdirəlayiq yoldur. Burada Mərkəzi Bank və bank sektorunun rolu həmin istiqamətlərdə maliyyələşmə, kreditləşmə imkanlarının artırılması və təmin olunmasıdır. İxracımızda əsas yer tutan neftin qiymətlərinin mövcud vəziyyətində də ikinci yol daha təqdirəlayiqdir və ölkə Rəhbərliyinin, Mərkəzi Bank rəsmilərinin mövqeyi də ölkənin bundan sonra da real sektorun kreditləşməsini dəstəklənəcəyini göstərməkdədir. Burada son zamanlar tez-tez eşitdiyimiz 2 ziddiyyətli fikir var. Real sektor maliyyə resurslarına çıxış əldə etməkdə çətinlik çəkdiyini, maliyyə sektoru isə rentabelli, əsaslandırılmış layihə və biznes planların azlığını ifadə etməkdədir. Əsas həll olunmalı məsələ budur. Bu 2 məsələnin ortaq kəsişmə nöqtəsinin tapılması isə o qədər də çətin məsələ deyildir və düşünürəm ki, yaxın vaxtlarda bu məsələlər də öz həllini tapacaqdır.

Digər tərəfdən, Mərkəzi Bank inflyasiya həddini daim nəzarətdə saxlayacaqdır. Qeyd etdiyim kimi, inflyasiyanın nisbətən artımı üçün koridor olsa da, inflyasiyanın əhalinin gəlirlərini yeyən həddə çatmasına və ya həmin həddi keçməsinə (inflyasiyanın əmək haqlarının artım tempini keçmə ehtimalı azdır) imkan verilməyəcək. Bunun üçün, düşünürəm ki, Mərkəzi Bankın əlində kifayət qədər resurslar var. Qeyd etdiyim kimi, burada əsas məsələ inflyasiya həddi, pul kütləsi, inflyasiyanın boğulmağa çalışılması nəticəsində iqtisadi inkişafın boğulması, istehsal potensialı olan məhsulların istehsalına nail olunması, ixracın artırılması və digər məsələlər arasındakı balansın iqtisadi inkişaf və əhalinin mənafeyi istiqamətində qorunmasıdır. Bu balansın qorunması məhsula olan tələbin artması, tələbin artması nəticəsində istehsalın artması, istehsalın artması nəticəsində yeni iş yerlərinin açılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin nominal gəlirlərinin artması və pul dövriyyəsinin artması və proseslərin yenidən zəncirin ilk halqasından (məhsula olan tələbin artması) başlayaraq inkişaf zəncirinin qurulmasına səbəb olacaqdır.

Azərbaycanda bank sistemində rəqəmsallaşma, “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqi bankların fəaliyyətində hansı köklü dəyişikliklərə səbəb olacaq?

- Dövrün tələblərindən irəli gələn dəyişikliklərdir. Qeyd edim ki, rəqəmsallaşma daha geniş və əhatəli məsələdir. “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqi isə rəqəmsallaşma istiqamətində atılmış və atılmalı olan çoxsaylı addımlardan biridir. Rəqəmsallaşma daha da geniş tətbiq olunmalı, əhatə dairəsi artmalı, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması prioritet istiqamətlərdən biri olaraq qalmalıdır. “Məsafədən Bank hesablarının açılması” qaydalarının tətbiqinə gəlincə isə, təqdirəlayiq olsa da, burada meydana çıxa biləcək bir çox risklərin idarə olunması məsələlərinə önəm vermək lazımdır. Xüsusilə, informasiya texnologiyaları ilə bağlı investisiya həcmləri artırılmalı, kadrların peşəkar səviyyələri daha da yüksəlməlidir. Bu dəyişikliklər reallaşdıqca meydana çıxacaq risklərin də idarə olunması həyata keçiriləcəkdir. Xüsusilə, rəqəmsallaşma, o cümlədən nağdsız ödənişlərin genişlənməsi əlbəttə köklü dəyişikliklərə səbəb olacaqdır.

Ölkəmizdə korparativ bankçılığın inkişafı üçün hansı zəruri addımlar atılmalıdır?

 Korporativ bankçılıq çox önəmli sahədir. Korporativ bankçılığın inkişafı real sektorun da inkişafını səciyyələndirir. Bu mövzu ilə bağlı bir neçə dəfə fikir səsləndirmişəm. Səsləndirdiyim fikirləri qısa olaraq belə ifadə edim ki, korporativ bankçılığın inkişafı təkcə bank sektorundan asılı deyil. Bu həm də real sektordan asılıdır. Real sektor tərəfindən korporativ bankçılıq məhsullarına tələb yaranmasa, hər hansı bank həmin xidmətləri göstərə bilməz. Əgər bu gün korporativ müştərilər arasında akkreditiv, faktorinq kimi xidmət növlərinə tələb yoxdursa, və yaxud hesabatlıqları, peşəkar səviyyələri həmin xidmətləri almaq üçün kifayət etmirsə, şirkətlərdə risklərin idarəedilməsi departament və ya şöbələri yoxdursa və ya formal xarakter daşıyırsa, deməli korporativ bankçılılıq da birtərəfli və daha az xidmət çeşidi ilə nisbətən aşağı sürətlə inkişaf etməyə məhkum olacaqdır. Hesabatlılıq, kölgə iqtisadiyyatının həcminin azaldılması, rəqabətliliyin inkişafı son nəticə etibarilə korporativ bankçılığın da inkişafını labüd edəcək. 

Ölkəmizdə əhalinin maliyyə inkluzivliyini artırmaq üçün hansı addımlar atılmalıdır?

 Qeyd edim ki, maliyyə savadlılığı təkcə bizim ölkəmiz üçün deyil, istisnasız olaraq bütün ölkələr üçün üzərində iş aparılan prioritet mövzudur. Hər bir ölkədə həmin ölkənin iqtisadi şərt və inkişaf səviyyəsindən asılı olaraq müxtəlif səviyyələrdə maliyyə savadlılığının məsələləri qoyulur və artırılması istiqamətində geniş tədbirlər görülür. Maliyyə savadlılığının artırılması vacib şərtdir. Bəs maliyyə savadlılığı nədir? Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borcalma və investisiya kimi təməl maliyyə anlayışları sahəsində real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir. Maliyyə savadlılığının aşağı olması gərəksiz istehlak, israf, büdcə anlayışının zəif olması, həddən artıq borclanma, investisiya kültürünün aşağı olması deməkdir. İlk növbədə bu təməl maliyyə anlayışları davamlı olaraq müxtəlif əhali seqmentlərinə müxtəlif yollarla, xüsusilə mətbuat vasitəsilə izah olunmalı, maarifləndirmə işləri genişləndirilməlidir.

Elman müəllim, geniş və ətraflı müsahibəyə görə təşəkkür edirik.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır