BANK

VISA-nın Baş vitse-prezidenti: "Azərbaycanda nağdsız hesablaşmaların təşviqi başqa ölkələrə nümunə ola bilər" - MÜSAHİBƏ
15 MAY
269

VISA-nın Baş vitse-prezidenti: "Azərbaycanda nağdsız hesablaşmaların təşviqi başqa ölkələrə nümunə ola bilər" - MÜSAHİBƏ

2019-05-15 17:02:00

Fins.az  Report-a istinadən VISA beynəlxalq ödəmə texnologiyaları şirkətinin baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru VVera Platonova ilə müsahibəni təqdim edir:

- Azərbaycan hökuməti nağdsız ödəmələri təşviq etmək üçün bəzi tədbirlgörürər. Bu addımları necə dəyərləndirirsiniz? Ölkədə nağdsız ödəmələri təşviq etmək üçün “Visa” şirkəti hansı tədbirləri həyata keçirmək niyyətindədir?

- Hazırda nağdsız hesablaşmalar proqramı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Mərkəzi Bank, bir sıra banklar, başqa maliyyə qurumları ilə əməkdaşlıq edirik. Nağdsız ödəmələrin inkişafına gəlincə, bir neçə istiqamətdə işləyirik. Birincisi, qabaqcıl seqment üçün xüsusi təkliflər vasitəsilə daxili əməliyyatların payını artırmaqdır ki, nəticədə həm ölkə daxilində, həm də xariclə nağdsız hesablaşmaların həcmi artacaq. Bu sıraya mükafat kartları ilə hesablaşanlar üçün endirimlər, təşviq proqramları kimi imtiyazlar aid edilir. İkinci istiqamət ödəmə qəbulu infrastrukturunun təkmilləşdirilməsini, nağdsız ödəmələrlə bağlı vərdişlərin yaranmasına rəvac verməyi ehtiva edir.

Məsələnin sosial tərəfini nəzərə almaqla dövlətin, habelə yenilikləri geniş tətbiq edəcək tərəfdaş bankların da dəstəyinə bel bağlayırıq.

Bizim məlumatımıza görə, 2018-ci ildə Azərbaycanda VİSA kartları ilə ticarət əməliyyatlarının həcmi 42 faiz, o cümlədən təmassız ödəmələrin həcmi 75 faizdən çox artıb. Online köçürmələrini rahat və təhlükəsiz, bir düyməni basmaqla həyata keçirmək üçün hər bir istifadəçiyə şərait yaratmağı hədəfləyirik. Bunun üçün də bəzi variantlar təqdim edirik. Məsələn, "VİSA Checkout" adlı online xidmət zamanı istifadəçi kartının məlumatlarını birdəfəlik daxil etdikdən sonra həmin xidməti dəstəkləyən bütün internet saytları yalnız parol daxil etməyi istəyəcəklər. Bunun adı kart nömrəsini rəqəmləşdirməkdir.

- Bəs Azərbaycanda bu sistemin nə vaxt tətbiqini gözləmək olar?

- Tətbiq prosesi gedir, lakin hələlik bazarların hamısı buna qoşulmayıb. Bizim üçün daxili bazarın məhsullar və sosial seqmentlərlə inkişafı ilə yanaşı, müştərinin təcrübəsini keyfiyyətcə təkmilləşdirəcək qabaqcıl texnologiyaları tətbiq etmək da əhəmiyyətlidir. Müştəri alış-verişi başqa məsələlərə fikir vermədən rahat həyata keçirəcək.

- VİSA-nın Azərbaycanla bağlı planları haqqında məlumat verərdiniz?

- Yaxın gələcək üçün təmassız ödəmələr və emissiyalar infrastrukturunu inkişaf etdirmək, habelə smartfon vasitəsilə ödəmələrə şərait yaradan azı 3-4 buraxıcı bank portmanatını tətbiq etmək bizim üçün öncül vəzifədir. Bununla yanaşı, banklar üçün müxtəlif səviyyəli kartlar hazırlayırıq. Məsələn, VİSA Platinium və VİSA İnfinive güzəşt kartlarımızla bütün dünyada biznes salonlarına pulsuz daxil olmaq mümkündür. Belə ki, məsələn, VİSA İnfinitive kartının sahibi ildə azı dörd dəfə istənilən hava limanının biznes salonuna keçə bilər.

- Bəs Azərbaycanda infrastrukturun yaradılması nədən başlayacaq, bununla bağlı hansı banklarla danışıqlar aparırsınız?

- Bizim dəstək proqramlarımız bütün banklarda işləyir. Buraxılış portmanatlarına gəlincə, hazırda iki bankla işləyirik, cari ilin sonunadək onlar tərəfindən elektron portmanat tətbiq ediləcəyinə ümidvarıq. Bu məsələ daha bir neçə bankda araşdırılır. Texniki baxımdan xeyli mürəkkəb məsələdir, amma hər halda 2019-cu ilin sonunadək Azərbaycanın bir neçə bankında bunu görəcəyimizə inanırıq.

- Azərbaycanda ictimai nəqliyyatda VİSA kartları ilə ödəniş qaydasını tətbiq etmək barədə müzakirələr aparılırmı?

- VİSA şirkəti ictimai nəqliyyatda ödəmələrlə bağlı uğurlu layihələr həyata keçirib. Belə layihələr Belarusun Minsk metrosunda, Ukraynanın bir sıra şəhərlərindəki metro və yerüstü nəqliyyatda icra olunub. Hazırda Azərbaycanda da oxşar layihələri həyata keçirməyi düşünürük. Hərçənd bu kimi məsələlərdə VİSA şirkəti dövlətə texniki dəstək verən tərəfdaş qismində iştirak edir.

- Bəs bütövlükdə Azərbaycandakı ödəmə kartlar bazarı barədə rəyiniz necədir?

- VİSA Gear 2018 araşdırmasına əsasən, Azərbaycan 73 ölkə arasında 43-cü yerdədir, bir sıra göstəricilər üzrə artıma nail olub. Ən başlıcası təhlükəsiz elektron ödəmələr sisteminin yaradılması, internetə rahat girişin təmini, elektron ödəmələrdən maneəsiz istifadəyə şərait yaradan rəqəmsallaşma fəaliyyətləridir. Azərbaycan iki ildən bir tərtib edilən bu reytinqə ilk dəfədir salınıb, bayaq qeyd etdiyimiz buraxılış portmanatlarının tətbiqi və təmassız ödəmələrin inkişaf etdirilməsi ilə gələn reytinqdə ölkənizin daha yüksək yer tutacağına inanıram. Bu gün dövlətinizin nağdsız ödəmələr sahəsində gördüyü işlər bir çox ölkələr üçün nümunə ola bilər.

Azərbaycanda ödəmə kartları bazarının çox hərəkətli olduğunu söyləyə bilərəm. Hazırda köçürmələrin 18 faizi ticarət şəbəkəsinin payına düşür. Əksər istifadəçilərin pullarını kartdan çıxardıb nağd şəkildə alış-veriş etdiyi nəzərə alınsa, bu rəqəm pis deyil. Məsələn, Ukraynada həmin göstərici 40 faiz, Avropada 90 faizdir. Elə ölkələr də var ki, 4 faizə qədərdir. Dünyada ikinci yerdə gedən Gürcüstanda isə ödəmələrin 95 faizədək hissəsi təmassız kartlarla yerinə yetirilir, ticarətdə nağdsız ödəmələr isə 50 faizə yaxındır. Lakin Azərbaycanda dövriyyənin illik 42 faiz artdığını nəzərə alsaq, ölkəniz üç-dörd ilə orta Avropa səviyyəsinə çıxa bilər. Deməli, nağdsız iqtisadiyyatın, yəni şəffaf iqtisadiyyatın bərqərar olmasını çox gözləmək lazım gəlməyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır