SƏNAYE

Caspian Marine Services: “Biz rəqabətə davamlı komandaya malik olan şirkətik”
01 OKTYABR
1156

Caspian Marine Services: “Biz rəqabətə davamlı komandaya malik olan şirkətik”

2019-10-01 14:29:00

Xəzər dənizində gəmiçiliyin inkişafı Azərbaycan iqtisadiyyatının bu sahəsinin gəlirliliyini birbaşa stimullaşdırır. Xəzər hövzəsində donanma vahidlərinin, iştirak etdiyi layihələrin sayına, peşəkar insan resurslarına görə  xüsusilə fərqlənən şirkətlərdən biri “Caspian Marine Services Limited” (CMS) öz fəaliyyəti ilə ölkəmizdə iqtisadi yüksəlişə mühüm tövhələr verir.  Müsahibimiz  “Caspian Marine Services Limited” şirkətinin direktoru  Zamiq İsmayılovdur.

– “CMS” artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən bu iri gəmiçilik şirkətində ilk yarandığı gündən indiyə kimi nə dəyişilib? 

– Biz fəaliyyətə başladığımız ilk dövrdə şirkətimizin özünə məxsus olan gəmiləri və digər donanma vahidləri yox idi. İri layihələrin öhdəsindən gələ biləcək komanda formalaşdırmamışdıq, işçilərimizin sayı çox az idi. Demək olar ki, 4-5 nəfər işçi ilə fəaliyyətə başlamışdıq. Qeyd edim ki, “CMS”-in qeydiyyatı 2006-cı ildə olsa da şirkətimiz 2008-ci ildə tam gücü ilə fəaliyyətə başlayıb. O zaman biz Xəzər Dəniz Gəmiçiliyinin tərkibində olan “Xəzər Dəniz Neft Donanması”-nın  3 gəmisini icarəyə götürdük və ilk işlərimizi görməyə başladıq. Beləliklə, gəlirlərimizi fəaliyyətimizin inkişafına yönəldərək zaman keçdikcə özümüz gəmilər və digər müxtəlif növ donanma vahidləri alaraq şirkətin maddi-texniki bazasını zənginləşdirdik. İndi ən əsas fərqliliyimiz və uğurumuz hazırda malik olduğumuz 38 donanma vahidinin çoxunun “CMS”-in özünə məxsus olmasıdır. Biz artıq kiçik şirkət deyilik. Yenicə fəaliyyətə başladığımız müddətdə təbii ki, təqdim etdiyimiz işin keyfiyyəti tam fərqli idi. Dünyada dənizçilik standartları və sertifikatlaşma tamamilə başqa səviyyədə idi. Hazırda bazarda rəqiblərimiz olsa da “BP”, “Total” kimi beynəlxalq miqyaslı şirkətlərin seçimi bizim şirkətdir. Təbii ki, ilk fəaliyyət dövründəki işçi sayımızla hazırda olan işçi sayımız arasında  da kəskin fərq var. Belə ki, 2006-cı ildə 4-5 nəfər işçi ilə işə başlayan “CMS”-in hazırda 700-dən çox işçisi var.

– Fəaliyyət göstərdiyiniz müddətdə neçə gəmi əldə etmisiniz, dünya standartlarına uyğun olan və artıq köhnə hesab olunan gəmiləriniz nə qədərdir?

– “CMS”gənc şirkət hesab olunsa da mütəxəssislərimiz çox təcrübəlidir. İlk gəlir əldə etdiyimiz dövrdən indiyədək “CMS” həmişə müasir standartlara cavab verən çoxfunksiyalı gəmilər almağa çalışıb. Biz aldığımız donanma vahidlərindən uzun müddət gəlir əldə etmək üçün müasir gəmilər və müxtəlif növdə donanma vahidlərini almağa üstünlük veririk. Hazırda ən müasir iki gəmimiz var - “Rəşid Behbudov” və “Müslüm Maqomayev”. Onların istismarında daha çox “high-tech” (müasir) texnologiyalar istifadə edilir. Qeyd etdiyim gəmilər yüksək sürətlidir, mühərrikləri MTU istehsalıdır (“Maybach”), hərəkəti, dizaynı, suda davamlılığı, keyfiyyəti tamamilə fərqlidir. Təchizat gəmilərimiz də müasir standartlara uyğundur. Biz özünü bazarda sübut edən dizayna və texniki göstəricilərə malik donanma vahidlərinə daha çox üstünlük veririk. “CMS”-in malik olduğu donanma vahidlərinin 50 faizi müasir gəmilərdən ibarətdir. Bizim şirkətimizin donanma vahidlərinin orta yaşı  beylənxalq ortalama göstəricilərdən daha azdır və 8,42 il təşkil edir. Bu, gözəl göstəricidir.

– “CMS” şirkətini Xəzər regionunda hansı xüsusiyyətlərinə görə lider şirkət hesab etmək olar?

– “CMS” öz insan resurslarına görə Xəzər regionunda lider gəmiçilik şirkətidir. Mən bunu əminliklə və xüsusi qürur hissi ilə deyə bilərəm. Bizim mütəxəssislərimiz çox peşəkardırlar. Belə bir fikir var: ən pis şirkətə ən yaxşı gəmi verilsə,  o gəmini işlədə bilməyəcək. Ən yaxşı şirkətə ən pis gəmi verilsə, o şirkət həmin  gəminin həm ömrünü uzadar, həm də məhsuldar şəkildə işlədər. “CMS” başqa rəqib şirkətlərdən daha səmərəli, effektiv və keyfiyyətli xidmət həyata keçirir, daha fərqli maliyyə imkanlarına malikdir və donanma vahidlərinin sayı və növləri daha çoxdur. Biz qısa müddətli müqavilələr icra etməyimizə baxmayaraq rəqib şirkətlərdən daha çox gəlir əldə edirik. Qeyd edim ki, bütün bu göstərdiyim fərqlər olsa da, mən “CMS”-in direktoru olaraq daha çox insan resurslarımızla fərqləndiyimizi qeyd etməkdən qürur duyuram. Biz rəqabətə davamlı komandaya malik olan şirkətik.

 

– “CMS” donanma vahidlərinin təzəliyinin qorunub saxlanmasını və təmirinin həyata keçirilməsini hansı qaydalarla tənzimləyir?

– Hər bir gəminin özünə məxsus olan büdcəsi var. “CMS” bütün gəmilərinin büdcəsindən təmir üçün də müəyyən qədər vəsait ayırır. Çox təəssüf edirəm ki, hazırda bir çox şirkətlər gəmi təmiri üçün ayrılan vəsaiti daha da azaltmağa çalışır və bu da daha sonra əks təsirlərini göstərmiş olur. Baxımsız gəmilər daha tez köhnəlir, sınır, sıradan çıxır və nəticədə təmiri üçün  daha çox vəsait tələb olunur. Təbii ki, gəlir də əldən gedir. “CMS” hər bir gəmi üçün nəzərdə tutulan müəyyən müddətli təmir göstərişlərinə əməl etməyə çalışır. Gəminin təzəliyini qoruyub saxlamaq üçün əsas amillərdən biri də heyətdir. Heyət üzvlərinin vaxtaşırı təlimlərə cəlb  olunması zəruridır. Gəmilər üçün nəzərədə tutulan “Planlı Təmir” proqramı mövcuddur. “CMS” bu proqramı elektron şəkildə gəmilərimizin işinə tətbiq edir və bu proqramın tələblərini vaxtlı-vaxtında həyata keçirməyə çalışırıq. Hər səhər gəmi kapitanı həmin proqramı açır və orada göstərilən tələbləri yerinə yetirir. Bu sistemin əlverişli tərəfi ondan ibarətdir ki, o, heyətin diqqətini gəminin təmirə və ya sazlanmağa ehtiyacı olan ehtiyat hissələrinə və avadanlığına cəlb edir. Bu proqramın xatırlatmaları sayəsində işçilərin nəyisə axtarıb tapmasına və ya yaddaşda saxlamasına ehtiyac qalmır. Biz ofisdən hər bir gəmidə həyata keçirilmiş təmir və yenilənmə işlərini  yoxlaya bilirik. Bunun üçün hər bir gəmiyə nəzarət edən məsul  şəxslər var. Onlar kapitanlar və gəmi heyəti ilə mütəmadi ünsiyyətdə olur və proqram tərəfindən təyin olunan tapşırıqların vaxtında həyata keçirilməsinə nəzarət edir. Bu isə gəminin texniki vəziyyətinin saz vəziyyətdə qorunub saxlanmasına xidmət edir. Gəmilərin mövcud texniki vəziyyətinin qorunub saxlanılması isə “CMS”-in işinin davamlılığını və fasiləsizliyini təmin edən əsas amildir. İstənilən müştəri üçün etibar edilən layihənin vaxtında, razılaşdırıldığı vaxt və keyfiyyət çərçivəsində həyata keçirilməsi əsasdır. Heç bir müştəriyə maraqlı deyil ki, verilən tapşırığı həyata keçirərkən şirkət nə kimi vasitələrdən istifadə etməli olur, hansı növ çətinliklərlə üzləşir və ya layihə üçün nəzərdə tutulan hansısa gəmi nasazdır ya yox. “CMS”-in əsas işi yük daşımaqdırsa, müştərinin əsas tələbi onun yükünün vaxtında, zədəsiz və etibarlı şəkildə göstərilən yerə çatdırmaqdır. Şirkət gəmilərinin həmişə işlək olmasına nəzarət etməlidir ki, müştəri də hər zaman göstərilən xidmətdən razi qalsın.

 

– Bu günlərdə “BP”şirkəti ilə “Caspian Marine Services Limited” arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə ətraflı məlumat verməyinizi istərdim

– Biz “BP” şirkəti ilə il ərzində əməkdaşlıq  edirik. “BP” çoxsaylı layihələrində “CMS”-ə ən mühüm gəmiçi tərəfdaşı kimi yanaşır. “BP” ilə üzunmüddətli əməkdaşlıq sayəsində bu şirkətin strateji dost şirkətinə çevrilmişik. Şirkətlərimız arasında etibar və güvən vardır. Əməkdaşlıq əlaqələrimizin uğurlu göstərici üzrə inkişafı şirkətlərimiz arasında qarşılıqlı xidmət razılığı ilə mütənasibdir. Şirkətimiz “BP” ilə 2013-cu ildən etibarən əsasən “Şahdəniz-2” layihəsi üzrə əməkdaşlıq edir. Qeyd edilən layihə üçün xüsusi gəmilər alınıb.  Məlumat üçün bildiririk ki, bu layihənin donanma vahidləri ilə təchizatının 90%-ni “CMS” həyata keçirib. Hazırda 2021-ci ilə kimi “Rəşid Behbudov” və “Müslüm Maqomayev” gəmilərimiz müqavilə ilə “BP”–yə icarəyə verilib. Alyans tərəfdaşımız olan ASCO (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) ilə birgə daha iki gəmini - “Lənkəran” və “Qubadlı” gəmilərini “BP”–nin  icarəsinə vermişik. Bu günlərdə “BP” ilə yeni aspektdə əməkdaşlığımız planlaşdırılır. Bu əməkdaşlığın mahiyyəti “BP” layihələrinin icrasının pik zamanlarında qısa müddətli ehtiyaclar zamanı şirkətin donanma vahidləri ilə təmin olunmasının  “CMS” şirkətinə etibar etməsi ilə bağlıdır. “CMS” ilə “BP” arasında bu müqavilənin imzalanması son mərhələsindədir.

– “CMS”  ilə əməkdaşlıq etmək istəyən şirkətlər üçün hər hansı xüsusi tələblər mövcuddurmu?

– Bəli, xüsusi şərtlər var. Bu, əməkdaşlıq səviyyəsi  ilə birbaşa bağlıdır. Məsələn, kiçik təchizatçı şirkətlərlə təbii ki, hər hansı tələb qoymadan əməkdaşlıq edirik. Əlbəttə ki, müqavilədə minimum şərtlər var. Biz “due  diligence” (lazımi araşdırma) vasitəsilə şirkətin sahiblərinin nüfuzunu yoxlayırıq, kim olduğuna, həmin şirkətin keçmişdə məhkəməyə verilmə halı olub-olmamasına və  stabil vergi ödəyicisi kimi statistikasına diqqət yetiririk. Böyük şirkətlər üçün yuxarıda sadalananlarla yanaşı İSO keyfiyyəti, təhlükəsizlik, ətraf mühitlə bağlı qanunların pozulmaması və s. tələblərimiz də mövcuddur. Bu tələblər əməkdaşlıq müqaviləmizdə şərt şəklində ifadə edilir. Tender zamanı və yaxud bu tip prosedurlarda biz bu tələbləri göstərərək, müqaviləmizdə bu şərtlərin göstəriləcəyini bildiririk. İl ərzində bir sıra əməkdaşlıq etdiyimiz şirkət seçilir və audit olunur. Bu,  “CMS” şirkətinin təchizatçılarının audit qrafikinə uyğun həyata keçirilir. Əməkdaşlıq etdiyimiz təchizatçı şirkətlərin təsdiq olunmuş siyahısı da mövcuddur. Bu şirkətlərin sayı azdır, onlar tərəfimizdən köklü şəkildə yoxlanılır. Təchizat şöbəmiz yalnız həmin siyahıya daxil edilmiş şirkətlərlə işləyə bilər, başqa şirkətlərlə işləmək icazəsi yoxdur. Əməkdaşlıq etmək istəyən yeni şirkət bizə istək sənədi  göndərməlidir. Biz həmin şirkəti yoxladıqdan sonra əməkdaşlıq edib-etməyəcəyimizə dair qərar veririk.

– “CMS” işçilərini sığortalayırmı?

– Biz sahibi olduğumuz gəmiləri və işçilərimizi tam şəkildə - həm qəzalardan, həm də üçüncü tərəfə dəyən ziyanla bağlı sığortalayırıq. Həyat sığortası ilə bağlı yerli sığorta şirkəti ilə əməkdaşlıq edirik. İşçilərimizin sağlamlığına mütəmadi olaraq nəzarət olunur. Bu, az sayda gəmiçilik şirkətlərində tətbiq edilir və hesab edirik ki, “CMS”-in üstünlüklərindən biridir.

Hər bir dənizçinin 5 il aralıqla keçməli olduğu təlimlər var. Başqa şirkətlər bu təlimləri özləri - daxili resursları hesabına həyata keçirir. “CMS” şirkətində həmin təlimlər  əməkdaşlıq etdiyimız peşəkar təlim şirkəti tərəfindən təşkil edilir. Məqsədimiz təlimlərin keyfiyyətliliyinin təmin etməkdir. İşə götürdüyümüz bütün dənizçilərə təlim keçdikdən və bortda təhlükəsiz şəkildə işləməsinə tam əmin olduqdan sonra gəmiyə yola salırıq. Biz həmçinin gəmilərimizdə daşınan sərnişinləri də sığortalayırıq.

 

– Gəmilərin təhlükəsizliyinin təmini üçün hansı addımlar atırsınız? Gəmiləri mümkün təhlükədən qorumaq üçün hansı tədbirlər həyata keçirirsiniz?

– Bu məsələlər də insan amili ilə sıx bağlıdır. Gəmidəki hər hansı bədbəxt hadisənin yaşanması şirkətdə işə götürülmə zamanı buraxılan səhvlər nəticəsində baş verir. “CMS” üçün insan faktoru hər bir amildən öndə gəlir. Bizim üçün insan həyatı hər şeydən dəyərlidir. Biz daima bütün işçilərimizə bildiririk ki, bizim üçün onların həyatı və sağlamlığı çox vacibdir. İşçilər işə götürüldükdən sonra onların mövcud biliklərini zənginləşdirmək, həmçinin onların akademik biliklərinin təcrübədə, real vəziyyərdə yoxlanılması məqsədi ilə gəmilərdə mütəmadi olaraq və təsdiqlənmiş plana uyğun olaraq təlimlər keçirilir.

– “CMS”  yaxın gələcəkdə yeni donanma vahidləri almağı planlaşdırırmı?

– Ötən ilin sonunda şirkətimiz  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ilə birgə İtaliya şirkətindən 3-4 yaşlı beş təchizat gəmisi (“Xocalı”, “Quba”, “Savalan” , “Murovdağ” və “Şahdağ”) almışdır. Onlar demək olar ki, istismar olunmamış gəmilər hesab olunur.   Buna baxmayaraq həmin gəmiləri istismara hazır olması üçün hazırda əməliyyat və texniki şöbələrimiz müəyyən işlər aparır. Dənizdə üzmə sınaqlarının nəticəsində aşkar edilən çatışmazlıqları aradan qaldıraraq istifadəyə tam hazır vəziyyətə gətirməyə çalışır.  Yaxın vaxtlarda gəmilərin istismara verilməsi nəzərdə tutulur. Bu gəmilər “BP”, “Total”, “Caspian Geophisics” LLC və s. şirkətlərinə müxtəlif layihələr üçün icarəyə veriləcək.

– “CMS”  yaxın gələcəkdə hansı sahədə yeniliklər edəcək?

– “CMS”  Fars körfəzində sərnişin gəmilərinin istismarı  ilə bağlı layihə üzrə danışıqlar aparır. Bu layihə adıçəkilən regionda sərnişindaşıma xidmətinin həyata keçirilməsini nəzərdə tutur. Layihə üçün yeni gəminin alınmasının mümkünlüyü nəzərdən keçirilir. Bu əməkdaşlıq təşəbbüsümüz həyata keçərsə, biz növbəti uğurumuza imza atmış olacayıq və Azərbaycanın gəmiçilik tarixində ilk dəfə Azərbaycanın qeyri-dövlət gəmiçilik şirkəti Xəzər hövzəsindən kənarda xarici şirkətlə uzunmüddətli müqavilə imzalamış olacaq. Qeyd etmək lazımdır ki, “Azərbaycan Dəniz Gəmiçiliyi”-nin (ASCO) xarici şirkətlərlə geniş şəkildə əməkdaşlıq edir və bu əsasən yükdaşıma sahəsində olan əməkdaşlıqdır. “CMS”, öz növbəsində,  bu yeni layihənin icrası ilə beynəlxalq bazara çıxmış olacaq. Niyyətimiz uğurla gerçəkləşərsə, bu tək bizim şirkət üçün deyil, Azərbaycan üçün böyük nailiyyət hesab oluna bilər.

 

Müəllif: Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır