SƏNAYE

Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına çıxarılması
18 SENTYABR
88

Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına çıxarılması

2019-09-18 12:06:00

İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb. Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qоyub

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb.

Bakı Biznes Mərkəzində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri N.Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən iqtisadiyyat naziri Şahin Mustafayev qonşu və dost Gürcüstanla əlaqələrin bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan Ş.Mustafayev deyib ki, ölkəmiz Gürcüstanla əməkdaşlığın inkişafına böyük önəm verir və iki ölkə münasibətlərinin bütün istiqamətlərdə inkişafında maraqlıdır: “Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri bunun mühüm göstəriciləridir.

İqtisadi-ticarət əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir. Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 milyon dollara çatıb”.

Yeddi yüzdən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycandan Gürcüstana 3,2 milyard ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergiödəyicilərindəndir.

Bildirilib ki, ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, CənubQərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır və birgə tədbirlərin həyata keçirilməsi yükdaşımaları daha da artıra bilər.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri N.Turnava ölkəmizə səfərindən məmnunluq ifadə edib. Bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir, ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. N.Turnava Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına irihəcmli investisiyaların yatırıldığını qeyd edib.

Nazir qarşılıqlı sərmayə qoyuluşları üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı üçün imkanları diqqətə çatdırıb, iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb.

Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpaolunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və sair məsələlər müzakirə olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır