SƏNAYE

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı
10 SENTYABR
1131

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı

2019-09-10 21:33:00

  Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyrisabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz  sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Belə ki, 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək ən doğru variantlar arasındaydı. Həmin dövrdə Ümummili lider Heydər Əliyev tərəfindən xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərara alındı. O dövrdə Azəri-Çıraq-Günəşli yataqlarının dərin sulu hissəsininişlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlanıldı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi – "Əsrin müqaviləsi" imzalandı.

Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi"  adlandırılaraq Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli iqtisadi eyni zamanda siyasi sazişinə çevrilib.“Əsrin müqaviləsi”ndə Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti -Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta iştirak edib. Bu tarixi əhəmiyyətli müqavilə əsasında Azərbaycanın  "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. 12 dekabr 1994-cü ildə qüvvə minən "Əsrin müqaviləsi" əsasında ilk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olub. Daha sonrakı mərhələdə qiymətləndirici quyuların nəticələrinə görə neft ehtiyatının həcmi 730 milyon tona çatıb.Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları səviyyəsində dəyərləndirilib.

"Əsrin müqaviləsi" –nin ümumi təmiz gəlirindən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. İlk  növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış istismar quyuları böyükhəcmli neft hasilatı ilə işə düşdülər. "Əsrin müqaviləsi" çərçivəsində ilk neft 7 noyabr 1997- ci ildə hasil edilməyə başlayıb.Stabil ixrac əməliyyatlarına 1998-ci ilin martından Rusiyanın Novorossiysk limanından başlanılıb. Hazırda ixrac əməliyyatları 3 marşrut üzrə həyata keçirilir ki, bunların 2-si boru kəmərləri -Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa vasitəsilə, 1-i isə dəmiryolu Bakı-Batumi, bu yoldan ancaq Amerikanın «ExxonMobil» şirkəti istifadə edir, ona görə ki, vaxtilə bu şirkət BTC-ni maliyyələşdirməkdən imtina etdiyindən və hazırda boru xətti ilə daşıma xərcləri  onun üçün daha baha olduğundan dəmiryoldan istifadəyə məcburdur). AÇG səhmdarları ixracatda Bakı-Novorossiys boru xəttindən 2009-cu ilin əvvəlindən imtina ediblər və hazırda bu boru xətti SOCAR-ın balansındadır.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olub.Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilib.

Səngəçal, Supsa və Kulevi neft terminallarının, Xəzər dənizində indiyədək quraşdırılmış ən böyük qurğular sayılan 8 platformanın inşası, üzən qazma qurğuları, tikinti-quraşdırma sahələrinin modernləşdirilməsi, onlarla gəminin tikintisi və əsaslı təmiri, minlərlə kilometr uzunluğunda boru kəmərlərinin çəkilməsi Azərbaycanda neft hasilatının  ən müasir tarixinin mühüm hadisələrindədir.

Yataqlarının tammiqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması, eləcə də “Çıraq Neft Layihəsi”nin uğurla həyata keçirilməsi daha nikbin proqnozlar üçün əsas verir. İşlənilməsinə 2010-cu ildə sanksiya verilmiş və bu ilin əvvəlində uğurla başa çatdırılmış “Çıraq Neft Layihəsi” Xəzərdə tətbiq etdilən ən müasir texnologiyaların əyani təcəssümüdür. Layihə çərçivəsində Azərbaycanın tikinti-quraşdırma sahələrində əsasən yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində quraşdırılmış və istismara verilib. Platformanın sutkalıq gücü 25 min ton neft, 8 mln. kubmetr qaz təşkil edir. “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsi ilə burada 17 öncədən qazma quyusu qazılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cəlb edilən investisiyalar dənizdəki qazma qurğularının mütərəqqi standartlara cavab verən modifikasiyasını təmin edib. Şelf adı ilə kodlaşdırılan köhnə qazma qurğuları yeni adda və tərtibatda “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi modern dərin qazma qurğularına çevriliblər. Daha çevik və imkanlı “İstiqlal” qazma qurğusu 200 milyon ABŞ dolları və 1200 mütəxəssis əməyi hesabına bərpa edilərək dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır. Müasir dəniz qazma qurğularına daha müasir və müsbət nəticələr əldə edilmiş dünya standartlı FPS-üzən istismar sistemi; FPSS-yarım daldırılmış istismar sistemi; TLP-dartılan dayaqlı platforma; FPSO-neft hasilatı, saxlama və məhsuldarlığı yüksəltmə qurğusu və digərləri də daxildir. Şübhəsiz ki, Xəzərin yeni zəngin karbohidrogen yataqları respublikanın neft-qaz sənayesinə, o cümlədən qazma prosesinin inkişafına mütərəqqi dəyişikliklər gətirir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın neft sahəsindəki bugünkü müvəffəqiyyətlərinin təməli hələ 46 il bundan öncə yaradılmağa başlamışdır. 1969-cu ildə Heydər Əliyev respublikaya birinci dəfə rəhbərliyə başladığı vaxt neft sənayesinin vəziyyəti ürəkaçan deyildi. Dənizin dərinliyi 40 metrə çatan sahələrdə bütün neft-qaz yataqları kəşf edilərək istismara verilsə də, qazma işləri görmək üçün texnika və maliyyə imkanları yox idi. Ona görə də Azərbaycanda neft və qaz hasilatının aşağı düşmə meyli müşahidə olunurdu. Daha sonralar Heydər Əliyev tərəfindən işlənib hazırlanan və çox uyğurla həyata keçirilən yeni neft strategiyasi sayəsində Azərbaycan dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Bununla yanaşı, Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu bir yerdə yerləşdiyinə, öz coğrafi və geopolitik vəziyyətinə görə Avropa-Asiya iqtisadi, nəqliyyat əlaqələrinin də yaranmasında və inkişaf etməsində xüsusi rol oynayır. Son vaxtlar bu sahədə də xeyli işlər görülmüşdür. Xəzər hövzəsində qonşu ölkələrlə birlikdə bizimlə müştərək iş görən və Mərkəzi Asiya, Qazaxıstan ərazisində fəaliyyət göstərən xarici ölkələrin şirkətləri ilə aparılan birgə işlərin nəticəsində transqafqaz magistralı, Avropa-Asiya nəqliyyat dəhlizi yaranmışdır.

Xarici neft şirkətlər ilə Azərbaycanın imzaladığı və “Əsrin müqaviləsi”nin ən əsas mahiyyəti budur ki, bütövlükdə bu saziş yenicə qədəm qoyduğumuz XXI əsrdə respublikamızın dinamik inkişaf yolunu müəyyən edib.Bu müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının dərinləşməsinə, investisiya axınının sürətlənməsinə, Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə təsir etdi. Ölkə prezidentinin «Azərbaycan Respublikasında Dövlət Neft Fondunun yaradılması haqqında» 29 dekabr 1999-cu il tarixli fərman imzalanması və fondun əsasnaməsini təsdiq etməsi isə «Əsrin müqaviləsi»nin və sonrakı müqavilələrin davamı oldu.

Müəllif: Aynur Qəniyeva

 

Yazı "SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır